booked.net

2020-ci il 4 oktyabr tarixində Cəbrayıl rayonu işğaldan azad olundu


23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. Bu rayonda daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var idi. 
Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. 
Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. 

2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir. 
İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Erməni vəhşiləri işğal zamanı rayonun maddi-mədəni abidələrini-  Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər birini məhv edilmiş və ya dağıntıya məruz qoymuşlar. 

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin pozulmuş hüquqlarına dünya səssiz qalmış, onlar böyük çətinliklər və məhrumiyyətlər içərisində 27 il qaçqınlıq həyatı yaşamışlar. Rayonun məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

5 yanvar 1994-cü il tarixində  Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.            

Ötən ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl də azadlığına qovuşub. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.
Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. 
 
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar.

Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən 22775 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.  Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.  

2021-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyuldu. 

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə idi. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyasının inşasını planlaşdırır. Onu da xüsusi məqam kimi bildirmək lazımdır ki, vətəndaşlar Cəbrayıldan keçməklə Zəngəzur dəhlizindən istifadə edə biləcəklər. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirilib, “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Bütün bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimindəki çıxışı zamanı SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulayıb. Neft və qaz sahəsində BP-nin bizim üçün strateji tərəfdaş və aparıcı investor olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu şirkət bərpa olunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və tezliklə yaxşı nəticələr olacaq.

- Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri:
16.11.2020:
• Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması;
• Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması;
• İşğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış;
• Dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış.

14.02.2021:
• Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq.

26.04.2021:
• Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış;
• Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş.

04.10.2021:
• “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi;
• Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi;
• “Cəbrayıl” yarımstansiyanın açılışı;
• Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı;
• Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;
• Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi;
• Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
• Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф