booked.net

Şamaxıda Üzüm və Şərab Festivalı Başlayıb


Sentyabrın 13-də Şamaxıda Üzüm və Şərab Festivalı start götürüb. Festival Şamaxı Rayon İcra Hakimiyyəti, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Meysəri kəndində iki gün davam edəcək.

Açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Nazir Məcnun Məmmədov çıxışında bildirib ki, üzümçülük və şərabçılığın Azərbaycanda və Cənubi Qafqazda qədim tarixi var. O, bu cür festivalların ənənələri yaşatmaqla yanaşı, üzümçülük və şərabçılığın inkişafına da təkan verdiyini vurğulayıb. Ötən il ölkədə 12 milyon litr şərab istehsal olunub və bu rəqəmin ildən-ilə artacağı gözlənilir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, Şamaxı artıq yalnız aqrar region deyil, həm də aqroturizm və digər turizm sahələrində inkişaf edir. Festivallar rayonun musiqi, poeziya, xalçaçılıq və qədim tarixi abidələrini tanıtmaq baxımından önəmlidir.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, məhsulların ixrac potensialını artırmaq, həmçinin bu sahənin tarixini və görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır. Festival proqramına üzümçülük və şərabçılıq üzrə maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir. Ziyarətçilər məhsulların dequstasiyasından faydalana, zavod qiymətinə almaq imkanına sahib olur, ustad dərslərində iştirak edə və şərab evlərinin maraqlı hekayələrini dinləyə bilərlər. Festivalda sərgi, restoran pavilyonları və rəssamların üzüm mövzusunda əsərləri də nümayiş olunur.

Dördüncü dəfə keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına işgüzar əlaqələr qurmaq və məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsət təqdim edir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф