booked.net
ПОСЛЕДНЯЯ МИНУТА 20 Sentyabr – Dövlət Suverenliyi Günü...

Qarabağda Suverenliyin Bərpası: 19–20 Sentyabr Antiterror Əməliyyatı


Antiterror əməliyyatinin başlanmasi 
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah etmək və Azərbaycan Respublikası konstitusiya quruluşunu bərpa etmək məqsədilə antiterror əməliyyatına başlanmışdır. Əməliyyat 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmışdır. Bu müddət ərzində Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmiş, Azərbaycanın suverenliyi tam bərpa olunmuşdur.
İmzalanmış kapitulyasiya aktından sonra Qarabağda 10 mindən artıq Ermənistan silahlı qüvvəsi və qeyri-qanuni erməni dəstələri mövcud idi. Azərbaycan tərəfi humanist çağırışlar etmiş, lakin erməni separatçıları mövqelərini gücləndirmiş, yeni silahlar almış və təxribatlar törətmişdir. 2021–2023-cü illərdə sərhəd gərginliyi və silahlı toqquşmalar davam etmiş, mülki şəxslər və hərbi qulluqçular itkilərə məruz qalmışdır.
Əməliyyatın nəticələri və təhlükəsizlik tədbirləri
Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənmiş, düşmən 310 ölü və 614 yaralı itki vermişdir. Ordumuzun dəqiq zərbələri nəticəsində 8 tank, 22 artilleriya qurğusu, 14 minaatan, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitəsi və 9 hərbi nəqliyyat vasitəsi məhv edilmiş, əlavə olaraq 1731 döyüş texnikası və 18 664 atıcı silah ələ keçirilmişdir.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olmuş, döyüş mövqelərini və hərbi postlarını tərk etmiş, tam şəkildə tərksilah olunmuşdur. Bütün silah-sursat və ağır texnika Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə təhvil verilmişdir. Əməliyyat zamanı Azərbaycan qanunları və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, ərazidəki inzibati, sosial, təhsil, tibbi və dini obyektlərin müdafiəsi təmin edilmiş, qadınlara, uşaqlara, qocalara və fiziki məhdudiyyətli şəxslərə lazımi tibbi və digər yardımlar göstərilmişdir.
“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərində mövcud olmuş qeyri-qanuni erməni silahlı dəstələrinin təminatı üçün canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq məqsədilə tədbirlər görülmüşdür. Bu məqsədlə Ermənistanın 2023-cü il aprelin 22-də birtərəfli qaydada Azərbaycanla sərhəddə, Laçın–Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurmasına cavab olaraq, 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəd boyunca Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradılmışdır.
Reinteqrasiya və Suverenliyin Bərpası
Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur olmuş, separatçı rejimin ləğvi və reinteqrasiya məsələləri müzakirə edilmişdir. Onlara regionda qalmaq və ya getmək barədə müstəqil qərar vermək imkanı yaradılmışdır. Nəticədə, sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalamışdır.
Antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşmiş Ermənistan ordusu tam tərksilah edilmiş və ölkəni tərk etmişdir. Qarabağda separatçı xunta rejimi ləğv edilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuşdur.
2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, Zəfərin rəmzi olaraq suverenliyin bərpasını nümayiş etdirmişdir.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф