booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Oktyabrın 4-də Cəbrayılın düşmən işğalından azad edilməsinin 1 ili tamam oldu


İranla sərhəddə, Araz çayı sahilində yerləşən Cəbrayıl rayonu strateji mövqeyə malikdir. Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.
Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilib, saxtalaşdırılıb, yaxud dağıdılıb. Rayon ərazisində Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidəsi, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və digər abidələr vandalizmə məruz qalıb.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Cəbrayılda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Suriyadan olan ermənilər də daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilib.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Hiradiz əməliyyatı zamanı Cocuq-Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsindəLələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.
...2020-ci ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılırdı. Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv edilərək Cəbrayıl rayonunun bir neçə kəndi azad edildi.
Qızğın döyüşlər zamanı düşmən Azərbaycan ordusunun qarşısında dayana bilməyərək xeyli itki verib geri çəkildi. Oktyabrın 4-də isə uzun illərdir düşmən tapdağında qalan Cəbrayılın mərkəzi və ətraf 9 kəndi işğaldan azad olundu.
Bu şad xəbərlə bağlı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciət etdi:
“Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!"
... 27 ildən sonra doğma torpağımız ev sahibini qarşıladı, rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi...


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф