booked.net

Zəfər paradı möhtəşəm qələbəmizin rəmzi olmaqla Şanlı Azərbaycan Ordusunun gücünü, xalqımızın qəhrəmanlığını bütün dünyaya bir daha nümayiş etdirdi


Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən əlamətdar hadisələr sırasındadır. Əsrin müharibəsi sayılan Vətən savaşımız xalqımızın tarixinin şanlı səhifəsi kimi gələcək nəsillərə örnək göstəriləcək.

Möhtəşəm Qələbədən sonra böyük səbiriszliklə və intizarla gözlədiyimiz bir gün vardı- hər kəs qəhrəman və rəşadətli Ordumuzun qüdrətini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının xalqa və dünyaya səslənişini gözləyirdi.

-Belə bir şərəfli və qürurlu tarixin şahidi olduq: 10 dekabr 2020-ci il. Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin iştirakı ilə Zəfər paradı keçirildi. Bu, Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə əbədi yazılan bir hadisə idi.
Prezident İlham Əliyev: "...Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır..."

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi məğlubedilməz gücümüzün, əbədi birliyimizin, sarsılmaz qardaşlığımızın və dostluğumuzun dünyaya, xüsusilə təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə nümayiş etdirilməsi idi.
Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq.

Bu sarsılmaz qardaşlığı dövlətimizin başçısı həmin paradda belə ifadə etdi: "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk."

44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərdilər, müxtəlif xalqların nümayəndələri yumruq kimi birləşərək döyüş meydanına atıldılar, gənclərimiz Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılaraq şərəf və şanlı qürur tarixi yazdılar. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini- sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bu birliyin təntənəsi olan möhtəşəm Qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb oldu. Bir daha sübuta yetirildi ki, güclü, qüdrətli Azərbaycan mürəkkəb beynəlxalq şərtlərə və şəraitə, bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, istənilən strateji hədəfini reallaşdırmaq əzmində və iqtidarındadır.

Vətən müharibəsində rəsmi İrəvanın öz ordusunun yenilməzliyi haqqında yaratdığı mif də dağıdıldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini yox, həm də erməni mifini məhv etdi. 44 günlük müharibəyə duruş gətirməyən Ermənistan ordusu darmadağın edildi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

44 günlük müharibədə Zəfərimizi şərtləndirən ən mühüm amillərdən biri və başlıcası Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Dövlətimiz qələbənin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenlərinin, həmçinin 15 yeni medalın- “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunması bu əhəmiyyətli işlər sırasındadır.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirəcək möhtəşəm kompleks eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey, həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyəedici mərkəz kimi fəaliyyət göstərək.

Hərbi Qənimətlər Parkı isə gələcək nəsillərə və beynəlxalq aləmə ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini və dövlətimizin qüdrətini nümayiş etdirmək üçün ən uyğun məkan olacaqdır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф