booked.net

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 Sentyabr- Anım Günü ilə əlaqədar xalqa müraciət etdi


         Bir il bundan əvvəl- 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
           Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 Sentyabr- Anım Günü ilə əlaqədar xalqa müraciətində həmin günü belə xatırladı: "Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır. Keçən il dekabrın 2-də mənim Sərəncamımla sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq."
           Xalqımız 30 illik işğal dövründə əzəli torpaqlarımızı heç vaxt unutmadı, əksinə o yerləri erməni qəsbkarlarından azad edəcəyimiz günün ümidilə yaşadı. Dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər- istər beynəlxalq, istərsə ölkədaxili müstəvidə atdığı prinsipial addımlarla münaqişənin həllini tapmağa çalışırdı. Bununla bərabər, ordu quruculuğunda aparılan islahatlar sayəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü ordusu sıralarına çıxmışdı və Qarabağımızı azad etməyə hər zaman hazır idi. 
           Dövlətimizin başçısı xalqa müraciətində xüsusi qeyd etdi ki, "Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq."
           Şanlı Qələbənin qazanılmasında Azərbaycan əsgərinin, zabitinin misilsiz şücaəti haqqında qürürla söz açan cənab Prezident İlham Əliyev dedi: "Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı."
             Ölkə başçısı xalqımıza Zəfər sevincini yaşadan qəhrəman əsgər və zabitlərimizi qürur mənbəyimiz adlandırdı. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
            Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir. Düşmən üzərində qələbənin təbliği məqsədilə Bakıda açılan Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi yaradır.
            Müharibədən qısa vaxt- bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.
            Prezident İlham Əliyev Böyük Zəfərimizin dəyərini, miqyasını belə ifadə etdi: "44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq. Ona görə də bizim Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş Qələbədir."
           44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar Azərbaycana çox böyük siyasi dəstək idi və bu bizə əlavə güc verdi. 
           -Bu haqda xalqa müraciətində söz açan və bu qardaşlığı qürur hissilə qeyd edən Prezident İlham Əliyev dedi: "44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün- Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
 Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq."
            Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı."
              Dövlətimizin başçısı istər ölkə vətəndaşları ilə, istərsə beynəlxalq səviyyəli görüşlərində dəfələrlə demişdi ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq. 
            Vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev o müqəddəs Zəfəri xalqımıza qazandırdı: "Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır."
           Dövlətimizin başçısı bir daha qeyd etdi ki, düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik."
                Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələr endirərək müharibənin ilk günündən təşəbbüsü ələ alaraq bir dəfə də olsun geriyə çəkilmədən ancaq irəliyə doğru getmişlər. Azərbaycan hər bir zaman mübariz oğul və qızlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələrini uca tutulur. Vətən müharibəsində rəşadətlə döyüşmüş, ölkəmizin ərazi bütövlüyüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentiyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması da bu diqqətin bariz nümunəsidir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф