booked.net

8 Noyabr Zəfər günü Şamaxı rayonunda təntənəli surətdə qeyd olunub REPORTAJ


"...Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir."
lham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

...Zəfər Gününün təntənəsi Azərbaycanımızın hər yerində olduğu kimi doğma Şamaxıda da bütün coşqunluğu ilə hiss olunur. Üçrəngli bayrağımızla bəzədilən şəhərin küçə və xiyabanları, parkları sakinlərin sevincinə bürünüb. Hər kəs bir-birini təbrik edir, bayram duyğularını bölüşür.
Bu bayram günündə gəzintiyə çıxanlar arasında Birinci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin iştirakçıları, qaziləri, şəhid ailələri də var. İnsanlar tərəfindən onlara göstərilən xüsusi diqqət məndə də qürur hissi yaradır. Hər kəsin baxışında torpaqlarımızı düşmən işğalından azad edən bu insanlara, onların ailələrinə minnnətdarlıq duyğusu bütün aydınlığı ilə görünür.
Əlbəttə, bu Zəfərin dəyəri çox yüksəkdir. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan- Ermənistan- Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
-Bu duyğularla Şamaxı Şəhidlər xiyabanını ziyarətə gedən tədbir iştirakçılarına qoşuluram. Bu müqəddəs məkanın ətrafında ağacəkmə xüsusi fəallıqla, böyük ruh yüksəkliyi ilə keçdiyinə şahid oluram.
Tədbirin rəsmi hissəsi Şamaxı rayon Heydər Əliyev parkında təşkil edilir. İştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyurlar.
Təbdirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən söz açır. Daha sonra çıxış edənlər Zəfərin qazanılmasında xalqımızın həmrəyliyini, Ali Baş Komandanın “Dəmir yumruğ"u ətrafında sıx birliyi, Azərbaycan oğullarının vətənpərvərliyini, Ordumuzun gücünü, qüdrətini xüsusi qeyd edirlər.
44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sübuta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu.
Tarixi Zəfərdən cəmi iki gün sonra- 2020-ci il Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünü xatırladım Onun dediyi sözlər hələ də yadımdadır:- "...Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir."
Tədbirdə şəhid valideynləri çıxış edərək övladlarının qəhrəmanlığından qürur duyduqlarını deyirlər. Dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən medallar və ordenlərlə təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə orden və medalların təqdimolunma mərasimi ilə davam edir.
Bu Zəfərin qazanılmasında, sözsüz ki, dövlət başçısının uğurlu daxili və xarici siyasəti, Ali Baş Komandan kimi yüksək sərkərdəlik bacarığı döyüş meydanında əsas sözü dedi. Ölkəmizdə aparılan iqtisadi islahatlar dövlətimizin potensialını daha da güclənməsinə zəmin yaratmışdı. Bir faktı xatırlatmaq yetərlidir,- yalnız son 18 ilin iqtisadi göstəriciləri qarşıya qoyulan əsas hədəflərin uğurla reallaşdığını göstərir: "Ümumdaxili məhsulun 3,2 dəfə artımı dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Həmin dövrdə Azərbaycana 274 milyard
investisiya qoyulması mühüm iqtisadi amillərdən biridir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB dövlətləri sırasında ilk yerdə durur. Bu isə Azərbaycan milli maraqlarını döyüş meydanında təmin etməyə imkan verib. Dövlət başçısı da deyib ki, iqtisadi potensialımız olmasaydı, bu, çətin olardı. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş bərpa işlərinə başlayıb. Bu, postmüharibə dövründə də Azərbaycanın iqtisadi gücünü əks etdirir. Azərbaycanın rayonlarının yeni iqtisadi bölgüsü milli iqtisadiyyatın inkişafına töhfə verəcək. Qarabağ və Zəngəzur iqtisadi rayonlarının olması isə tarixi, mənəvi, siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir.
Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii hissə ilə davam etdi.
Saat 19:00-da şəhərimizin mərkəzində torpaqlarımızın azad olunması və şanlı Zəfərə həsr olunan atəşfəşanlıq oldu.
Bu tarixi Zəfər Azərbaycanın milli tərəqqisində yeni dövrün başlanğıcı deməkdir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф