booked.net

Prezident İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxış edib


Prezident İlham Əliyev çıxışında Rumıniya Prezidentinin  Azərbaycana rəsmi səfərini və bugünkü mühüm tədbirdə iştirakını yüksək qiymətləndirib və bildirib ki, bu, bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır.

"Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir" -deyən dövlətimizin başçısı yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasını birgə səylərin nəticəsi olduğunu deyib və bunu çox vacib məsələ kimi dəyərləndirib:  "Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq."
Fikrini konkret faktların dililə davam etdirən ölkəmizin başçısı deyib: "Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq."
Ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenlə imzaladıqları enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumu vacib hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev bu sənədi "gələcək planlar  üçün aydın yol xəritəsi" adlandırıb.  
Dövlətimizin başçısı bildirib ki, Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk.
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.
Ölkəmizin başçısı Azərbaycanın çox böyük yaşıl enerji potensialına malik olduğunu da tədbir iştirkçılarının diqqətinə çatdırıb: "Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaqdır. Yəni, hazırda əlimizdə olan imkanlar bunlardan ibarətdir."
"...Təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək"- deyən  Prezident İlham Əliyev  bu layihələrin gələcəyə doğru hesablanmalı olduğu qənaətindədir: "Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. "
Prezident İlham Əliyev çıxışında tərəfdaş ölkələrin birgə fəaliyyətini yüksək qiymətləndirib və davamlı dəstəyinə, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etdiklərinə və əla rəhbərliyinə görə Avropa Komissiyasına, həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürünü bildirib. 
"Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir."- deyən ölkəmizin başçısı tədbirdə   nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumlarının adlarını xüsusi qeyd edib: "Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Yəni, bütün aparıcı maliyyə qurumları bizimlədir. Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik." 
Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.
Azərbaycanın müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi  bütün layihələr- istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur. Buna səbəb, əlbəttə ki, Azərbaycan rəhbərlyinin güclü siyasi iradəsi, ölkələr arasında mövcud olan uğurlu tarixçədir. 
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır: "Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik." 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф