booked.net

Prezident İlham Əliyev 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib


Azərbaycanın  Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq əlaqələri ildən-ilə genişlənir. Ölkələrimiz arasında mövcud münasibətlər strateji əhəmiyyət kəsb edir.  

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib və Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verib. 
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir. 
Ölkə başçısı bərpaolunan enerji ilə bağlı dövlətimizin proqramının tamamilə fərqli gündəliyə malik olduğunu bildirib:"Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq."
Cəmi iki il əvvəl Azərbaycanın Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırmasını qeyd edən dövlətimizin başçısı ölkəmizin Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş 3500 kilometr uzunluğunda boru kəmərləri sistemini qurduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb. 
Təbii qaz ixracımız  ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq ki, bu da ötən ilkindən 5 milyard kubmetr çoxdur və bu artım növbəti illərdə də artacaq. "Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq"- deyən dövlətimizin başçısı Azərbaycana kifayət qədər ixrac marşrutlarının lazım olduğunu söyləyib. Bu, Azərbaycanın quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarının  mövcudluğundan irəli gəlir. 
Prezident İlham Əliyev çıxışında qeyd edib ki,   “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşma imzaladılar. Bu qısamüddətli layihə olsa da ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir: "Potensialımıza gəldikdə, bəzi rəqəmləri diqqətinizə çatdırım. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik."
Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.
Dövlətimizin başçısı çıxışında xatırladıb ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. 
Prezident İlham Əliyevin çıxışından aydın olur ki, Azərbaycanın planları daha genişdir.
Dövlətimizin başçısı Azərbaycanın bu sahədə hədəflərini də bəyan edib: "Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik."


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф