booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış etdi


Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.


            Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış zamanı bildirdi ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nəailiyyətlər əldə edilmişdir. Bu dəfə isə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması bu istiqamətdə atılan ən uğurlu nəailiyyətdir. 

             Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin hökumətlərinə- Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya təşəkkürünü bildirən dövlət başçısı bu dövlətlərlə bir komanda olaraq çalışmağın üstünlüyünün yekunda öz müsbət təsdiqini tapdığını dedi: “Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.”

              XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin icra olunmasında milli səviyyədə koordinasiya əhəmiyyətli rol oynadı. Ölkə rəhbəri nitqində qeyd etdi ki, 33 milyard ABŞ dollar dəyəri olan belə nəhəng layihənin reallaşdırılmasında enerji şirkətlərinin, tikinti şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, investorların fəal iştirakı öz sözünü dedi. 

              Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir- Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.”

                Dünyada əlavə qaz mənbələrinə tələbatın artdığı bir dövrdə Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracın həcmini çoxaldıb. Yalnız ötən ilin statistikasına diqqət yetirsək görərik ki, təkcə keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə- Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Dövlət başçısı əmin olduğunu bildirib ki, komandanın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək. 

          Azərbaycan neft ixracatına başladığı 2006-cı ildən üzü bəri təchizatda heç bir zaman fasiləyə yol verməyib və enerji siyasəti arxasında heç bir siyasi gündəm olmayıb. Ölkənin enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. 

           Prezident İlham Əliyev çıxşında Azərbaycanın qaz ehtiyatının həcmini də toplantı iştirakçılarının diqqətinə çatdırıb: 2,6 trilyon kubmetr. Ən böyük yataq “Şahdəniz”dir- bir trilyon kubmetr. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu sahədə texnologiyanın sürətli inkişafı əminlik yaradır ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. 

            Prezident İlham Əliyev: “Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir.”

              Respublika Prezidenti nitqində ölkənin demoqrafik məsələlərinə də toxundu. Bildirdi ki,  əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Əlbəttə ki, bizim öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. 

              2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması ehtiyacı bu sıradandır. 10 min kvadratkilometrdən çox ərazinin dağıdılması, infrastrukturun tamamı ilə sıradan çıxarılması böyük vəsait deməkdir. Bu ildən etibarən keçmiş məcburi köçkünlərimizi geri qaytarılmasının planlaşdırılması öz istehlakımız üçün əlavə qaza ehtiyacımız haqqında da düşünməyi tələb edir. 

              Ölkə Başçısı İlham Əliyev toplantıdakı çıxışında vurğuladı ki, işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. 

            Prezident İlham Əliyev: “Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik.”

               Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirdi ki, Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram var: “İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.” 

           Dövlətimizin başçısı əminliklə bildirdi ki, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф