booked.net

Talışnuru kəndində səyyar qəbul – sakinlərin müraciətləri dinlənildi


10 iyul 2025-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu Talışnuru kəndində keçirilib. Qəbulda rayon prokuroru Müşviq Səfərov, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

İcra başçısı Tahir Məmmədov çıxışında ölkə rəhbərliyinin diqqət və qayğısı ilə son illərdə respublika üzrə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr, kənd və qəsəbələrdə aparılan abadlıq-quruculuq işləri, mühüm infrastruktur layihələrinin icrası və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Qəbul zamanı kənd sakinləri tərəfindən əsasən elektrik təsərrüfatının yenilənməsi, müasir rabitə və internet xətlərinin çəkilməsi, yol infrastrukturunun təmiri, kəndin qazlaşdırılması və təbii fəlakət nəticəsində zərər görmüş evin təmiri ilə bağlı müraciətlər səsləndirilib.

Hüseynov Gülqardaş Babaşah oğlu Talışnuru kəndinə gələn yolun əsaslı təmiri və kənddə elektrik təsərrüfatının yenilənməsi məsələlərini qaldırıb.

Süleymanov Fazil İzay oğlu kəndə rabitə və internet xətlərinin çəkilməsinə dəstək göstərilməsini xahiş edib.

Nuralıyev Abiyyət İsbəndiyar oğlu Talışnuru kəndinin təbii qazla təmin olunması ilə bağlı müraciətini səsləndirib.

Hüseynov Babaşah Gülqardaş oğlu isə güclü leysan yağışlar nəticəsində zərər dəymiş fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsini istəyib.

Qəbulda səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bəzi məsələlər yerində müzakirə edilərək həll yolları müəyyənləşdirilib. Digər müraciətlərin isə operativ araşdırılması və həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi davam etdiriləcək.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф