booked.net

Prezident İlham Əliyev cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı bəyanat verib


Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionda, həm də Avrasiyada strateji əhəmiyyətli bir dövlətdir. Bu ölkə bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olması da dediklərimizə əyani sübutdur.     

2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.
Bu il fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. Dövlət başçıları arasında görüş zamanı ötən il “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olunub, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirilib. 
Prezident İlham Əliyev cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı bəyanatında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Rumıniya və Azərbaycan əlaqələrin uzun illərdir davam etməsini səciyyələndirən əsas cəhət, bu əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirilməsidir. Strateji tərəfdaşlığa dair imzalanan iki sənəd, hər iki ölkə prezidenti tərəfindən müzakirə olunan və həll edilən məsələlər də bu əməkdaşlığın əhəmiyyətinin göstəricisidir. 
Respublika Prezidenti İlham Əliyev bəyanatında ticari-iqtisadi sahələrdə qazanılan nəticələrdən də söz açıb: "Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər."
Hazırda enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
Prezident İlham Əliyevin bəyanatın iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə çıxması xüsusi qeyd edilir: "Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir."
İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edilməsini və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilməsini Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. 
Dövlətimizin başçısının bəyanatında qeyd olunan bir başlıca məqam isə yaşıl enerji ilə bağlıdır. Buxarestdə keçirilən əsas tədbir də məhz bu istiqamətdə olub və bu sahədə çox önəmli addımlar atılıb.  atılmışdır və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. "Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir"- deyən Prezident İlam Əliyev ümid etdiyini bildirib ki, növbəti birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.
İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Dövlətimizin başçısı İlham Əliyev Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar olduğunu bildirib. 
Azərbaycan-Rumıniya tərəfdaşlığı və birgə beynəlxalq layihələrin həyata keçirilməsi Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф