booked.net

Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış etdi


Regionda yaranan vəziyyətlə bağlı həmkarlarını məlumatlandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmayıb. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

Dövlət başçısı İlham Əliyev çıxışı zamanı münaqişədən sonrakı vəziyyəti qeyd edərək vurğulayıb ki, sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı aparılan terrordur.

"Sentyabrda- demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir- Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı", - dövlət başçısı bildirib.

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşlərdə prosesin rəsmi Bakının irəli sürdüyü, qarşı tərəfin isə qəbul etdiyi prinsiplər üzərindən irəliyə doğru aparılması və intesivləşdirilməsi baxımından uğurludur. İkitərəfli razılaşmalara əsasən, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən elan olunan yeni sənəddə Qarabağ, nə də ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı bir məqam yer almayıb. Mahiyyət etibarilə, Minsk qrupu formatının tamamilə sıradan və gündəmdən çıxdığı barədə reallıq növbəti dəfə öz təsdiqini tapıb, Qarabağ mövzusunun isə Azərbaycanın daxili işi olduğu istisnasız olaraq qəbul edilib. 

Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var və bu format çərçivəsində həyata keçirilən proses Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip üzərindən inkişaf etdirilir.

Prezident İlham Əliyev MDB başçılarına oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən dördtərəfli görüş haqda da məlumat verib. Dövlət başçısı bildirib ki, görüşün nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar.   
   
Prezident İlham Əliyev bu missiyanın məqsədini də açıqlayıb: "Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib."

Brüsseldə keçirilən bir neçə üçtərəfli görüşü prinsipcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəklədiyini bildirən Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. 

"Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik", - dövlət başçısı bildirib.

Dövlət başçısı Fransa Senatı və aşağı palatanın İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etməsini, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanmasını ciddi tənqid edib. 

Sözsüz ki, "Fransa heç vaxt Ermənistanı atmayacaq" kimi qərəzli bəyanatların arxasında Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə, regionda davamlı sülh və əmin-amanlığın bərqərar olunmasına ciddi zərbə vuran məkrli siyasət dayanır.  

Prezident İlham Əliyev deyib: "Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin."

Dövlət başçısı Fransa Prezidentinin bəyanatına cavabını belə bitirib: "...Belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük."

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilməsi faktına da toxunub və bildirib ki, birinci hücumdan sonra Fransa Prezidenti vəd vermişdir ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bu doğru olmadı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir. 

Son illər Azərbaycanın Fransadakı səfirliyinin erməni radikalların təxribat və hücumlarına məruz qalması "ənənəyə" çevrilib və bu, cəmiyyətdə ciddi narahatçılıq doğurur. 2017-ci ildən bəri təhlükəsizliklə bağlı bütün səviyyələrdə Fransa hökuməti qarşısında məsələ qaldırılsa da, Azərbaycan səfirliyi və Azərbaycan Mədəniyyət Evi qorunmur. Halbuki Fransanın Bakıdakı səfirliyi qarşısında stasionar post uzun müddətdir ki var. Səfirliyimiz belə bir postun yaradılmasını istəsə də, 2017-ci ildən bəri bu məsələyə etinasız yanaşılır. Bu məsələ ilə bağlı heç bir ciddi addım atılmayıb, ciddi reaksiya verilməyib.

2020-ci ildə Vətən Müharibəsi zamanı bu məsələ yenə yaşandı, erməni diasporunun üzvləri dəfələrlə səfirliyin önünə gələrək səfirliyin binasına ziyan vururdular. Azərbaycanın Fransadakı səfirliyi Fransa tərəfinə - Xarici və daxili işlər nazirliklərinə, polis idarəsinə təxminən 50-yə qədər nota və məktub yazıb. 

Prezident İlham Əliyev çıxışında Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı törədilən təxribatları da xatırladıb: "Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı- metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub."

İkinci Qarabağ müharibəsi bitəndən sonra erməni vandalizminin dəhşətli üzünü öz gözlərimizlə gördük. On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir.

"Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər", - deyə Prezident bildirib. 

Prezident İlham Əliyevin çıxışında bir məqamı da qeyd etməyi vacib sayıb: "2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb." 

Dövlət başçısı fikrini belə tamamlayıb: "Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq."
-Bu, rəsmi İrəvana ciddi xəbərdarlıqdır. 

Çıxışının sonunda Qarabağ ermənilərinin taleyi barədə məsələyə aydınlıq gətirən Prezident İlham Əliyev deyib: "Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib."


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф