booked.net

Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində Qırğızıstana dövlət səfəri olub


Qırğızıstanla Azərbaycan arasında münasibətlər keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlir, dövlət başçıları arasında danışıqlar isə hər iki ölkə üçün yeni əməkdaşlıq üfüqləri açır.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Qırğızıstana  ilk rəsmi dövlət səfərindən məmnunluğunu bildirib və bu səfərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Qardaş ölkə başçısının cəmi yarım il bundan əvvəl Bakıda, indi isə Azərbaycan Respublikası Prezidentinin  Bişkekdə olması hər iki ölkənin nəticələrə hədəflənməsinin nümayişidir. 

Dövlətimizin başçısı çıxışında Bakı görüşü zamanı nəzərdə tutulanların bir hissəsisinin artıq icra olunduğunu, ilk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulayıb: "Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək." 

Prezident İlham Əliyev bildirib ki, yarım il bundan əvvəl iki dövlət arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanması Azərbaycan-Qırğızıstan münasibətlərini  keyfiyyətcə yeni səviyyəyə çıxarıb:"Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrini ətraflı müzakirə etdik."

Dövlətimizin başçısı Azərbaycanın iki peyki- “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərdiyini və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etdiklərini də mətbuata verdiyi bəyanatda xüsusi vurğulayıb: "Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq."

Bu mühüm layihədən qardaş Qırğızıstan xalqı, eləcə də digər tərəfdaş ölkələr faydalanacaq. Nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə yeni imkanlar açılacaq. 

Bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevrilməsi də qürurvericidir. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Bütün bunlar iki ölkə arasında dostluq münasibətlərinin və iki qardaş xalqın təkcə siyasi, iqtisadi əməkdaşlıqda deyil, həm də mədəni-humanitar əməkdaşlıqda tarixi əlaqələrinin parlaq nümunəsidir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bu tarixi görüşün həm Azərbaycan, həm də Qırğızıstanın türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verdiyini qeyd edib və gələn ay keçiriləcək Zirvə Görüşünü həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacağını bildirib: "Həmçinin bizim xalqlarımızı birləşdirən və dövlətlərarası münasibətlər üçün möhkəm təməl rolunu oynayan ortaq tarixi köklərimizi, mədəni köklərimizi qeyd etmək istəyirəm. Bu gün mən Xatirə Memorialını, Qırğız xalqının dahi oğlu Çingiz Aytmatovun məzarını da ziyarət etdim. Bakıda onunla görüşmək mənə nəsib olub və bu görüşləri səmimiyyətlə xatırlayıram. O, həqiqətən təkcə Qırğız xalqının deyil, bütün Türk dünyasının fəxridir." 

Dövlətimizin başçısı çıxışında xüsusi vurğulayıb ki, biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Azərbaycan və Qırğızıstan arasında əmtəə dövriyyəsinin artması üçün  yaxşı imkanlar mövcuddur. Qırğızıstanda həyata keçirilən islahatlar sürətli iqtisadi artıma, biznes və xarici investorlar üçün yeni imkanların yaradılmasına kömək olacaq. 

Prezident İlham Əliyev: "Azərbaycana gəlincə, biz artıq uzun illərdir ki, dost ölkələr üçün investoruq və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə həmişə xidmət edib və xidmət edir, bizim qarşılıqlı maraqlarımıza xidmət edir- onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır. Beləliklə, düşünürəm ki, birgə fondun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir." 

Azərbaycan-Qırğızıstan münasibətləri Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırılır. Bu da hər iki dövlətə qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olmaq imkanı yaradır. 

Dövlətlərarası Şura, hökumətlərarası komissiya işlək mexanizmlər olmaqla hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.

Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə çıxış edərkən hər iki qardaş ölkənin gələcək illər üçün mədəni gündəliyinin müəyyən olduğunu da diqqətə çatdırıb: "Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək."

Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycanın artıq mühüm nəqliyyat şəbəkəsi yaratdığını qeyd edən dövlət başçısı bildirib ki, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycandan, həmçinin çox böyük potensiala malik Şimal-Cənub dəhlizinin keçdiyini də qeyd edib. Həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var.  

İmzalanmış Azərbaycan-Qırğızıstan sənədləri:
  • “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı
  • “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”
  • “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”
  • “Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” 
  • “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”
  • “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”
  • “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”
  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”
  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф