booked.net

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü iki qardaş ölkə arasında əməkdaşlığın yeni inkişaf mərhələsinin başlanğıcıdır


Dünyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə qazanılan uğur və nailiyyətlər, liderlərin qətiyyəti və ortaq siyasi qərarları tarixi missiya kimi qiymətləndirilir. Qeyd olunur ki, son illər iki qardaş ölkə arasındakı əməkdaşlığın inkişafı, həm də türk dünyasının birliyinə, türk dövlətlərinin birgə və kompleks inkişafına böyük töhfələr verir.

Azərbaycan dövlətinin başçısının  Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlərin möhkəmlənməsi istiqamətindəki səmərəli fəaliyyətinə görə Qazaxıstanın “Altın kıran”- “Qızıl qartal”  ali ordeni ilə təltif edilməsi xüsusi diqqət çəkir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın bu ali mükafatına layiq görülməsindən duyduğu qürur hissini belə ifadə edib: "Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm." 

Qürurverici haldır ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. İki ölkənin beynəlxalq məsələlərin müzakirəsində və qərarların qəbul edilməsində vahid mövqedən çıxış etməsi də  bunun əyani təzahürüdür. 

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü əminliklə bildirib ki,  biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər.

İki ölkə prezidentlərinin geniş tərkibdə görüşü zamanı dövlət başçısı İlham Əliyev nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planların olduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. 

Dövlətimizin başçısı çıxışında hər iki ölkənin iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyinə əminliyini ifadə edib: "Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var."

İqtisadi-ticari münasibətlərin inkişafını əks etdirən rəqəmlər də bunu təsdiq edir. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi tərəflərin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanması ikitərəfli əməkdaşlıqda yeni səhifənin açılması deməkdir. 

İmzalanmış sənədlərə diqqət yetirmək kifayətdir ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf strtegiyasını gözlər önündə çanlansın: 
- “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”;
- “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”;
- “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”;
- “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”;
- “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”.
Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.

Dövlətimizin başçısı iki ölkə arasında imzalanmış birgə Bəyannamənin adının sənədin əhəmiyyətinə dəlalət etdiyini deyib: "Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək."

Prezident İlham Əliyev çıxışı zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsini- Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementi kimi dəyərləndirib. Bildirib ki, bu əməkdaşlıq da uğurla inkişaf edir. İki gün bundan əvvəl Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Bu da bizim əcdadlarımıza hörmətin əlamətlərindən biridir.

Respublika Prezident İlham Əliyev çıxışının sonunda qardaş ölkənin başçısına bir daha təşəkkür edib və iki ölkə arasında əlaqələrin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф