booked.net

Ulu Öndər Heydər Əliyev 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilib


1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həyati əhəmiyyət kəsb edir. Həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilmişdir. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. 

Bu tarixi hadisədən bir il əvvəl, 1990-cı il noyabrın 17-də isə Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada müzakirə olunan məsələlər və qəbul edilən tarixi qərarlar, Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini qoymaqla ümumilikdə Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəqiq hesablanmışdı.

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” deyən Ulu Öndər Heydər Əliyev ömrü millətə, xalqa sədaqətin, məhəbbətin, Vətənin azadlığı, suverenliyi yolunda mübarizliyin, cəsarətin, ən yüksək zəka və bacarığın nümunəsidir. 

Müharibənin davam etdiyi, sənaye və ilkin tələbat mallarının, hətta ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində, ilk növbədə, Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin həm də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına gedən yolda atılan ən mühüm addımlardan biri oldu.

Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

Bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün həyata keçirirlən əhəmiyyətli tədbirlər sayəsində aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar da həmin vaxt quruldu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.

Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzə­rində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Cul­fa və Şah­taxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır.

Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra- 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ümummilli Liderə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.

Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında- Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф