booked.net

Prezident İlham Əliyev: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir"


2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezidentimiz İlham Əliyev demişdir: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır.

Ötən il Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: "Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır."
Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağını paytaxtda eləcədə bölgələrdə küçə və prospektlərə  axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
Ölkə rəhbərinin qətiyyəti, səbri və qüdrətli Azərbaycan ordusuna komandanlığı ilə biz 44 günlük şanlı “Vətən Müharibəsi” ilə illərlə işğal altında olan torpaqlarımızı azad edə bildik. Və illər öncə səslənmiş fikirlər indi gercəkdir, möhtəşəm üçrəngli bayraq artıq Şuşada, Laçında, Zəngilanda, Kəlbəcərdə və bütün Qarabağımızda dalğalanır.

Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. 
Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir. “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyildiyi kimi:“Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”. Azərbaycanda dövlət rəmzlərinin qəbulunun özünəməxsus tarixi vardır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edilib. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan dövlətinin ideoloqu olan Əli bəy Hüseynzadə irəliyə sürmüşdü. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng Azərbaycan xalqının türk mənşəyindən gəlməsini bildirir və türkçülük ideyası ilə bağlıdır. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı yaratmaq və onu inkişaf etdirmək, ümumillikdə müasirləşməni, inkişafa meyilliliyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində müsbət istiqamətdə böyük dəyişikliklər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.
Yaşıl rəng –İslam sivilizasiyasına aid olub, islam dininə mənsubluğu ifadə edir.
Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə isə müxtəlif fikirlər mövcuddur.Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Qısa desək, bayrağın üzərindəki aypara türk xalqlarına aid simvoldur. Səkkizguşəli ulduzun mənasına gəlincə isə bəzi müəlliflər deyir ki, bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, köhnə əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılıb. Digər tarixçilərin fikrinə görə isə, tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağındakı ulduz Azərbaycan memarlıq üslubunda da geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvolu kimi də başa düşülür.
Üçrəngli bayraqdan istifadə qaydaları Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadəsi qaydaları haqqında qanunla tənzimlənir. Bu qanun 8 iyun 2004-cü ildə qüvvəyə minib. Qanun layihəsi 12 maddədən ibarətdir. Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Eləcə də  Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür. Qeyd etmək istərdim ki, Cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən. Azərbaycan Respublikasının üçrəngli bayrağına qarşı hörmətsizlik, ya hər hansı təhqiredici hərəkət bir ildən iki ilədək azadlıqdan məhrum olma ilə nəticələnə bilər.
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Dövlətin əsas atributlarından biri də Dövlət Himnidir.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himninin hazırlanması və qəbulu üçün müsabiqə elan olunmuş, bir sıra tədbirlər həyata keçirilmişdi. Lakin 1920-ci ilin 28 aprel işğalı bu sahədə görülən işləri tam şəkildə başa çatdırmağa imkan vermədi.
1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Dövlət himninin qəbulu istiqamətində də tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bunun məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Milli Məclisi 27 may 1992-ci il tarixdə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Milli Məclisin qərarında deyilir: “Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin”.
Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə təsdiqlənib. 2000-ci ildə və 2004-cü ildə ona əlavə də dəyişikliklər edilib. Bu Əsasnaməyə əsasən, Dövlət himni aşağıdakı hallarda ifa olunur:
-Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
-Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
-dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
-hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
-Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
-dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
-Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.
Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himninin hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.
Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur. Azərbaycan himni dünya dövlətlərinin himnləri sırasında özünün həm musiqisi, həm də bədii mətni baxımından dolğunluğu, mükəmməlliyi, ahəngdarlığı ilə çox şərəfli yer tutur, xalqımızın istiqlal duyğusunu, yurd sevgisini, vətən naminə hər cür fədakarlığa hazır olmasını yüksək səviyyədə əks etdirir. Ümummilli liderimiz Heydər Əliyevin xüsusi vurğuladığı kimi: “Himnimizin sözləri də ... bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda, çox əzəmətli musiqidir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbət rəmzidir”. 
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф