booked.net

Prezident İlham Əliyevin 26 oktyabr tarixində Zəngilanın Ağalı kəndində çıxışı


44 günlük Vətən müharibəsində və daha sonra iki qardaş dövlətin- Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi birlik, həmrəylik və prinsipiallıq milli iradəmizin təzahürü olan ittifaqımız üçün geniş perspektivlər açıb.
Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı artıq regional və qlobal faktora çevrilib və hər iki ölkənin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi.
Həmin vaxtdan Türkiyə ilə Azərbaycanın birgə əməkdaşlığının miqyası, önəmi daha da artdı. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oktyabrın 26-da Füzulu Hava limanının açılışı mərasimində iştirakı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, "bir millət, iki dövlət" fəlsəfəsinin dərinliyinin bir daha bütün dünyaya bəyan etdi.
Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsi mühüm tarixi hadisədir. Eyni zamanda qardaş Türkiyə prezidentinin təyyarəsinin Füzuli hava limanına enməsi işğaldan azad olunmuş ərazilərin strateji əhəmiyyətini bir daha gündəmə gətirmiş oldu. Həmçinin Zəngilan və Laçında tikintisi nəzərdə tutulan hava limanlarının regionun inkişafındakı rolunu da bir daha gündəmə gətirdi.
Cəmi 8 aya inşa olunan bu beynəlxalq statuslu hava limanı da daxil olmaqla Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa-quruculuq işləri çox yüksək qiymətləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, “azad edilən ərazilərin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil”.
Zəngəzur dəhlizi türk dünyasının birləşməsi rolunu oynayacaq. Bu dəhliz eyni zamanda, yalnız Qafqaz üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir. İqtisadçı ekspertlər qeyd edirlər ki, burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7
milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Xatırladaq ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Ankara da, Bakı da bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıdır. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi fürsətlər yaradacaq. Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyimiz bir dəhlizin təməlini qoyan Azərbaycan və Türkiyə bu bölgənin əsas söz sahibi olduqlarını bir daha bəyan etmiş oldular. Post-münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri bundan sonra da davam edəcək. Türkiyə də qardaş ölkə kimi bu prosesdə Azərbaycanın yanındadır.
Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminliklə söyləmək olar ki, Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri bundan sonra daha da inkişaf edəcək və yeni inkişaf mərhələsinə qədəm qoyacaq.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф