booked.net

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasında qardaşlığın və əməkdaşlığın yeni tarixi mərhələsidir


            Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

             Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. 

            Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir və bunun tarixi çox qədimdir. Bizim ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız var. Tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. 

           Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır.

               Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.

                Şuşa Bəyannaməsi həm də faktiki olaraq Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Bu isə regionun iqtisadi inkişafı baxımından çox vacib və əhəmiyyətli bir məqamdır. Məsələ bundadır ki, bütün dünyada iş adamları, beynəlxalq şirkətlər yalnız o bölgələrə sərmayə yatırımı edirlər ki, həmin regionda dayanıqlı sülh və ictimai-siyasi sabitlik mövcud olsun. Məhz buna görə də Azərbaycan və Türkiyənin müttəfiq olaraq Cənubi Qafqazda əsas söz sahiblərinə çevrilmələri bu regionu investisiya qoyuluşu baxımından cəlbedici edir. Beləliklə də Şuşa Bəyannaməsi bölgəyə və xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır və regionun getdikcə artan investisiya potensialı bu ərazilərdə yeni, daha mütərəqqi və səmərəli iqtisadi münasibətlərin formalaşmasına yol açır.

                  Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Bəyannaməsi iki ölkənin bugünkü və gələcək vəziyyətinə ciddi töhfələr verə bilər. Dünyada gedən proseslər Azərbaycan və Türkiyənin daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zəruri etdi. Çünki böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Çox vaxt da ikili standartlara əsaslanan siyasət yürüdərək öz mənfəətlərinə uyğun hərəkət edirlər. Bu da həmin təşkilatların öz prinsiplərini pozması anlamına gəlir. Buna görə də Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar. Məsələn, türkdilli ölkələr Türk Dövlətləri Təşkilatı ətrafında birləşərək bu ittifaqı daha səmərəli etməyə çalışırlar.  Hazırda azad olunmuş ərazilərin yenidən qurulması prosesində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində də Azərbaycan ilə Türkiyə sıx birlik və əməkdaşlıq nümayiş etdirirlər. Bu əməkdaşlıq sayəsində isə yeni iqtisadi perspektivlər ortaya çıxır. Bu baxımdan Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin, o cümlədən region ölkələri və qonşu dövlətlərin də istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Birmənalı olaraq deyə bilərik ki, Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.

               Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini artıran vacib məqamlardan biri də bu sənədə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair bəndin daxil edilməsidir. İstər müdafiə sahəsində əməkdaşlıq, istərsə də qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə öz əksini tapması həm də ölkələrimiz üçün böyük tarixi nailiyyət kimi qiymətləndirilməlidir. Bundan sonra Türkiyə və Azərbaycan artıq rəsmi şəkildə bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə ölkələrimizin hərbi qüdrətini daha da artıracaq. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının oynadıqları son dərəcə əhəmiyyətli rolu bütün dünya müşahidə etdi. Bundan sonra isə Azərbaycan özü bu sahədə istehsalçı ölkə kimi çıxış edəcək. Ən vacib məqamlardan biri də budur ku, Şuşa Bəyannaməsi həm Türkiyənin, həm də xüsusilə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qarantı kimi təsir imkanlarının artmasına kömək edir. Beləliklə, də Azərbaycan-Türkiyə birliyinin yeni strateji mərhələyə keçidi ilə regionda daha böyük iqtisadi əməkdaşlıq perspektivləri açılmış olur.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф