booked.net

"TÜRKİYƏNİN TƏCRÜBƏSİ ÖLKƏMİZ ÜÇÜN ÇOX ÖNƏMLİDİR"



Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Türkiyə Respublikası 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət oldu, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrildi.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənən Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ciddi əsaslara malikdir. Bu əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir.
Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilməsi Azərbaycanın da gücünə yeni güc qatır.
Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri, onların qətiyyətli siyasəti hər iki qardaş ölkəni sevindirir. Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi böyük minnətdarlıq hissi ilə qiymətləndirilir və bu təmənnasız qardaş mövqeyi və yardımı yüksək dəyərləndirilir.
Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verir.
Prezident İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən qardaş Türkiyənin
təcrübəsinin ölkəmiz üçün çox önəmli olduğunu bildirdi. Dedi ki, işğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub.
Dövlət başçısı, həmçinin qeyd etdi ki, həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.
Ölkə rəhbəri peşə təhsili sahəsinin Azərbaycan üçün ən aktual mövzulardan biri olmasını qeyd edərkən bu istiqamətdə işlərin davam etdiyini bildirdi, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəblərinin yaradılmasının vacibliyini söylədi.
44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi böyük dəstək, əlbəttə, heç vaxt yaddan çıxmayacaq. Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində yan-yana dalğalanan bayraqlarımız ölkələrimizin varlığını, qüdrətini, birliyini, həmrəyliyini bütün dünyaya bir daha bəyan etdi.
Prezident İlham Əliyev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla görüş zamanı xüsusi olaraq vurğuladı ki, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq. Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır. Təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq.
Türkiyəli qonağın Azərbaycan Prezidenti tərəfindən yüksək səviyyəli qəbulunda bu gün böyük quruculuq işlərinin astanasında olan
və həm azad edilmiş torpaqlarımızda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanmasının çox böyük önəm daşıdığı da vurğulandı. Sözsüz ki, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılması vacibdir və bu işdə Azərbaycan qardaş Türkiyənin dəstəyinə böyük ümid bəsləyir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф