booked.net

Zəfər Ordusu


                26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da öz ordusunu, hərbi qüvvəsini yaratmağı bacardı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan Ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu quruculuğu prosesi dayandı, yalnız İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar azərbaycanlılardan ibarət bir neçə milli atıcı diviziyalarının yaradılması ilə milli ordu anlayışı davam etdirilib.

Sovetlər dönəmində  ölkəmizdə hərbi kadrların hazırlanması  prosesinin inkişafı, bu sahədə müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin- görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Azərbaycan xalqının tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra bu sahədə genişmiqyaslı islahatlara start verildi. İlk növbədə, qanunsuz hərbi dəstələr buraxıldı, Silahlı Qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Qarabağ müharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Orduya çağırış və fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı. Beləliklə, Azərbaycan Ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.

Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Akademiyanın təsis olunması hərbi sahədə milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi idi. Daha sonra Azərbaycan Prezidentinin 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildi. Ötən müddət ərzində istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində önəmi tədbirlər həyata keçirildi.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərnanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün- 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum Prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf etdi. Onun 1997-ci il noyabrın 21-də imzaladığı fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olundu. 

Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Azərbaycan Ordusunun NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılmasını, pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində atdığı addımları da xüsusi qeyd etmək lazımdır. NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” elmin inkişafı və yeniliklərin tətbiqi yolu ilə NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsinə, qarşılıqlı təhlükəsizlik problemlərinin həllinə, bilik mübadiləsinə, eləcə də tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün mühüm bir vasitədir.

2005-ci ilin dekabrın 16-da Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Keçmiş dövlət komitəsinə daxil olan və digər sahələrə məxsus olan zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Aerokosmik Agentlik Nazirliyin balansına daxil edildi. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırıldı.

Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir.

Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti uğurla davam etdirilir.  Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması- bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. Bu təhsil müəssisəsinin əsas vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi ElmiTədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

44 günlük Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı. Azərbaycanın Zəfəri Haqqın Zəfəri idi. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub.

Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

“Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz müqəddəs borcumuzu sona kimi verməliyik.

Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф