booked.net

Prezident İlham Əliyev cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfər edib


                        Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxış edib 
 

Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik edən və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzulayan dövlətimizin başçısı İlham Əliyev Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndirib. 
Prezident İlham Əliyev bəyanatında Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünü iki xalq arasında dostluğun rəmzi kimi xüsusi vurğulayıb və bildirib ki,  Azərbaycan qardaş xalqın bu hədiyyəsini heç vaxt unutmayacaq. 
Azərbaycanla Qazaxıstanın müttəfiqlik münasibətləri ildən-ilə genişlənir və möhkəmlənir. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı.
Dövlətimizin başçısı diqqəti bu Bəyannaməyə yönəldərək deyib:"Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir."
Prezident İlham Əliyev bununla bağlı daha sonra vurğulayıb ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. 
Bununla da Azərbaycan-Qazaxıstan müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirilir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.
Prezident İlham Əliyev bəyanatında qardaş ölkənin başçısı ilə sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdiklərini də bildirib: "Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var."
Dövlətimzin başçısı iki ölkə arasında beynəlxalq müstəvidə qarşılıqlı dəstəyi yüksək qiymətlənduirib və bunun uzun illər boyu qarşılıqlı münasibətlərin səmimi xarakterinin nümayiş etdirdiyini vurğulayıb. 
Prezident İlham Əliyev bəyanatında İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın qarşı tərəfə sülh müqaviləsi üzərində işə başlamağı təklif etdiyini də deyib və qeyd edib ki, praktiki olaraq bu iş başlanıb. Bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. 
Dövlətimzin başçısı gələcəyə nikbin baxdığını bəyan edib: "...biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək." 


           Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışı edib
Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir.
Prezident İlham Əliyev çıxışında bildirib ki, hər bir azərbaycanlı üçün Ulu öndər Heydər Əliyevin adı çox əzizdir. Dövlətimizin başçısı xatırladıb ki, Ulu öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi. 
Prezident İlham Əliyev həyatının müəyyən dövründə Ümummilli liderin haqsızlığa, təzyiqlərə məruz qaldığını xatırlayarkən deyib: "Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə- Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Təəssüf ki, o vaxt məhz bu barədə söhbət gedirdi, çünki daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Bu ən mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və mahiyyət etibarılə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı. Onun Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu."
Xalqımıza müstəqil Azərbaycan dövlətini əmanət edən Heydər Əliyevin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. 
Prezident İlham Əliyev qürur hissi ilə deyib ki, bu gün, Ulu öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.
Dövlət başçısı İlham Əliyev çıxışının sonunda məmnunluqla qeyd edib ki, Qazaxıstanla müttəfiqlik səviyyəsinə çatmış əməkdaşlığın möhkəmləndirilməsinə dair sonrakı addımlar müəyyənləşdirilib: "Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq. Bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlığına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur."

Səfər çərçivəsində imzalanmış sənədlər:
•    “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”;
•    “Azərbaycan Dövlət İnformasiya Agentliyi– AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”;
•    “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”;
•    “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”;
•    “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
•    “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”;
•    “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф