booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may tarixli bəyanatı


Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxışı zamanı iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinə diqqət çəkdilər.  

Prezident İlham Əliyev bildirdi ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir.

Dövlətimizin başçısı belə bir əməkdaşlığın geniş spektiri olması haqda dedi: "Bu gün biz həm ikitərəfli, həm də geniş tərkibdə görüşlərimiz zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektlərini geniş müzakirə etdik."

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.

Azərbaycan hər zaman olduğu kimi öhdəliklərə sadiqlik nümayiş etdirir. Təssüflər olsun ki,  eyni məsuliyyəti Ermənistan tərəfindən görünmür. "Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur."- deyən dövlət başçısı bildirdi ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. 

Sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Azərbaycan tərəfi ümid edir ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

Sülh müqaviləsinin bağlannması üçün vacib olan sərhədlərin delimitasiyasının ləngiməsi Ermənistanın məsuliyyətsiz mövqeyi ilə bağlıdır. 

Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olması delimitasiya zərurətini artıran əsas faktordur. 

Aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina yolunu tutması sülhə ciddi təhlükə yaradır və narahatlıq doğurur.  

Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandığını bildirən dövlət başçısı bəyanatında qeyd etdi ki, Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyalar tətbiq edilsəydi ola bilsin, heç müharibə olmazdı.Halbuki Azərbaycan bunun üçün beynəlxalq ictimaiyyətə davamlı olaraq çağırışlar edirdi. Əfsuslar olsun ki, bu, bir nəticə vermədi.  Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. 

Prezident İlham Əliyev: "İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir. İndi isə yenidən demək istəyirəm ki, biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik."

Dövlət başçısı bəyanatında Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə olunduğunu, işlərin çox uğurla inkişaf etdiyini də qeyd etdi. Həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə edildiyini də dedi. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalamasının vacib amil olduğunu qeyd etdi. 

Prezident İlham Əliyev cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxış etdi

Prezident İlham Əliyev çıxışında bildirdi ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. 

Dövlət başçısı onu da qeyd etdi ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya iki ölkənin işgüzar dairələrinin səylərini əlaqələndirəcək, eyni zamanda, Azərbaycan və Litvada iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. 

Azərbaycanda biznes mühiti investorlar üçün əlverişli olduğunu, bu səbəbdən də ölkəmizə 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunluğunu bildirən Prezident İlham Əliyev xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsini də vacib saydı. 

Dövlət başçısı İlham Əliyev: "...Şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir. Biz bu xüsusda yaxşı nəticələr görürük. Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır. Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, hansı ki, burada artım 11,4 faizdir. Bizim çox az xarici borcumuz vardır - ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır." 

Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycanın önəmli nəqliyyat mərkəzinə çevirilməsi Azərbaycanın rolunu mütləq şəkildə artırır. Bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflərin alınması  Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də önəmlidir. 

Prezident İlham Əliyevin biznes-forumda çıxışında bildirdi ki,  Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. 

Prezident İlham Əliyev: "Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir." 

Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. 

Dövlətimizin başçısı iqtisadi davamlılıqdan danışarkən bildirdi ki, Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır."

Prezident İlham Əliyev çıxışının sonunda bir daha qeyd etdi ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir və bu əməkdaşlıq çox uğurla inkişaf edir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф