booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

8 mart - Beynəlxalq Qadınlar Günüdür


"Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan, şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”
Ümummilli lider Heydər Əliyev

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub.
Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.

8 Mart- Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısının bu bayram münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlaması, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verməsi, digər bir qrupunu isə orden və ya medallarla təltif etməsi ölkə rəhbərinin onlara xüsusi diqqətindən, yüksək dövlət qayğısından xəbər verir.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Xalqımızın hüquq və azadlığını daim qoruyan, onun milli şüurunun formalaşmasında, maariflənməsində müstəsna xidmətlər göstərən ümummilli lider Heydər Əliyev hansı dövrdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb. Ulu öndər qadınlara diqqət və qayğı göstərərək, onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlayıb. Hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsində, qadınların mükafatlandırılmasında, orden və medallarla təltif olunmasında səyini əsirgəməyib. Həmin illərdə neçə-neçə qadına “Sosialist Əməyi Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adları verilib. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1998-ci ildə Azərbaycan qadınlarının birinci, 2003-cü ildə isə ikinci qurultayı keçirilib. Bu qurultaylar ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açıb.

Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin
“Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuz vahid şəkildə birləşdi və zəfər qazandı. II Qarabağ müharibəsində əldə edilən qələbə ilə Azərbaycan xalqı bütün dünyaya mübariz ruhlu bir xalq kimi təqdim olundu.Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolu olmuşdur. Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların öz sağlamlıqlarını qoruması üçün əllərindən gələni etmişlər.

Ona görə 8 mart- Beynəlxalq Qadınlar Günü həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır.

Bu gün Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarının, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Bu da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasının əsasını təşkil edir. Bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahlərində gender siyasətinin güclənməsinə səbəb olmuşdur. Onu da qeyd edək ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq, konvensiyaları, protokolları qəbul etmiş və milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisə kimi qiymətləndirilir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. Qurultay göstərdi ki, dövlətimiz cəmiyyətdə qadınların rolunun artırılması yolunda ciddi addımlar atır.

1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi dəyərləndirilir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф