booked.net

BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib


Dünyanı bürüyən bir çox iqtisadi və siyasi sarsıntılar fonunda COVID-19 pandemiyası hələ də bəşəriyyət üçün təhlükəli təhdidlərdən biri olaraq qalır. Bəzi ölkələrdə pandemiyanın dağıdıcı təsirini minimum səviyyəyə endirmək mümkün olsa da, bunu digər ölkələrə aid etmək mümkün deyil. Hələ də dünya səviyyəsində pandemiya ilə səmərəli mübarizə sahəsində ciddi problemlər mövcuddur.

Məhz elə bu baxımdan fevralın 25-də BMT Baş Assambleyası sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət daşıyırdı.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışında qeyd etdi ki, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır.

BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyev şəxsən bu məsələlərlə bağlı yeni təşəbbüslər irəli sürdü. Dövlət başçısı xatırlatdı ki, pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

Koronavirus bütün dünya üçün təhlükə yaratmaqda davam edir. Bütün ölkələr təhlükəsiz olmadıqca heç bir ölkə təhlükəsiz olmayacaq. Virusa qarşı ən effektiv silah peyvənddir. Ancaq peyvəndin bölgüsü ədalətsizdir. Varlı ölkələr peyvəndlə təmin olunduqları halda bəzi yoxsul ölkələr hətta bir doza peyvənd ala bilməyib.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də COVID-19 peyvəndinin ölkələr arasında ədalətsiz və qeyri-bərabər bölgüsünü gündəmə gətirdi. Bildirdi ki, "COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir. Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də daxil edilməlidir.

Azərbaycan dövləti COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edir.

Prezident İlham Əliyev: "Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq."

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrini vacib hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib ki, COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.

Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq böyük həcmdə maliyyə töhfəsi edib. Beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi də bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək.

Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.

Yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışında COVID-19 ilə effektiv mübarizəni şərtləndirən önəmli məsələlər sırasında bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri də vacib saydı.

Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Qoşulmama Hərəkatı post-COVID-19 dövrünün
bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcəyi də vurğulandı.

Ölkəmizin COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirdiyini qeyd edən dövlət başçısı dedi ki, Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.

COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev daim vaksinlərin ədalətsiz bölgüsünə qarşı qlobal səviyyədə çıxış edib. Həmçinin BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs də məhz dövlətimizin başçısına məxsusdur. “Fevralın 25-də BMT Baş Assambleyasının tematik müzakirələrinin gedişində etdiyi çıxışında da Prezident İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Dövlətimizin başçısı bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф