booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxış etdi


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü tarixi məqamlarla yadda qaldı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə müzakirə olunan taleyüklü məsələlər, səsləndirilən bəyanatlar təkcə Türkdilli ölkələrin deyil, bölgənin taleyində əhəmiyyətli rol oynayacaq. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin Ali ordenlə təltif edilməsi isə gerçəkdən böyük tarixi hadisə hesab oluna bilər.

Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”

İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsidə ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyinini görüş iştirakçılarına xatırlatdı və 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirdi. Dövlətimizin başçısı xalqımızın Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini xüsusi hiss etdiyini bildirdi.

"İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək", - deyə Prezident vurğuladı.

Zirvə Görüşündə üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar.

Regionun gələcəyi məhz türk dövlətlərinin birliyindən keçir. Xüsusi ilə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə təsdiq olunmuş yaxın əməkdaşlıq və müttəfiqliyin nümunəyə çevriləcəyi gözlənilir: digər türk ölkələr ilə də analoji sazişlər bağlanacağı və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər geniş coğrafiyanı əhatə edən iqtisadi-siyasi gücün meydana gələcəyi ehtimalı çox güclüdür. Burda əsas ana kanal Türkiyə üzərindən Zəngəzur dəhlizi ilə Azərbaycan və Orta Asiyaya açılan qapıdır. Bu iqtisadi dəhliz bütün region və dünya üçün yeni imkanlar açır və Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq yeni ad altında fəaliyyət göstərəcək) gələcək iqtisadi rolunun artmasını təmin edir.
Türk Dövlətləri Təşkilatının təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yollarının varlığının əhəmiyyətinə xüsusi önəm verən dövlət başçısı VIII Zirvə Görüşündə çıxışı zamanı demişdir: "Mən çox şadam ki, bu gün biz Türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır."

Bu Zirvə görüşünü, Türk Şurasının Türk Dövlətləri Təşkilatını adlandırılmasını, Türkmənistanın təşkilata gətirilməsi türk coğrafiyasının bütövləşməsi və bu coğrafiyada gücə çevrilməsinin başlanğıcı da hesab oluna bilər.
Bakı Zirvəsində Özbəkistanın Şuraya üzv olduğunun önəmini və sazişi 2009-cu ildə dörd liderin imzaladığını xatırlayan Prezident İlham Əliyev bu gün sayımızın 7-yə çatdığını fəxrlə söylədi: "Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır."

Dörd gün əvvəl xalqımızın Qarabağın azad olunmasının birinci ildönümününü sevinclə və qürurla qeyd etdiyini bildirən dövlət başçısı təxminən 30 illik işğala son qoyulduğunu da görüş iştirakçılarının diqqətinə çatdırdı: "Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləqayətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir. Çünki müharibə dayanan gün artıq bütün
atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. Müharibənin ilk günlərindən mən açıq bəyan edirdim ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qoşunlarının çıxarılma tarixini, təqvimini verərsə biz hər an həmin müharibəni dayandırmağa hazırıq və sözümüzə əməl etdik. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğalçılardan azad etdik və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir."

Azad edilmiş torpaqlarda həyat tədricən hiss olunmağa başlayır. Bu bölgələrin- Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyədir -deyən Prezident İlham Əliyev Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışdığını, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak eydiyini bildirdi: "Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər.
Eyni zamanda, mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəkdir. Məktəbin layihəsi bizə təqdim edildi və bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir."

Dövlətimizin başçısı VIII Zirvə Görüşündə ikinci Qarabağ savaşının nəticələrinin bölgə üçün yeni imkanlar açdığını da qeyd etdi. Bildirdi ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır: "Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir."

Azərbaycan Prezidenti İlham Əliyev VIII Zirvə Görüşündə çıxışı zamanı Ermənistana növbəti xəbərdarlığı etdi. Bildirdi ki, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф