booked.net

29 il öncə yaradılmış Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür


Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında müstəsna yer tutur. Ulu öndər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan irsi qoydu.

1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən mürəkkəb hadisələr, ictimai-siyasi şəraitin gündən-günə gərginləşdiyi bir dövrdə ölkəmizin taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Ümummilli lider Heydər Əliyev müraciətə cavabında: "Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” - söyləməklə Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi.

Ulu öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.

Ümummilli lider Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də ölkə prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Heydər Əliyevin prezident seçilməsi bütün Azərbaycan xalqının gələcəyə ümidlərini artırdı. Çünki xalq gözəl bilirdi ki, məhz Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən qurtara bilər. Xalq öz müdrik oğluna inanır və dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqnının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan bütün təhlükələrdən xilas oldu, dövlətimizin müstəqilliyi təmin edildi, ölkə tənəzzüldən inkişaf yoluna qədəm qoydu.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasi kurs Azərbaycanın müasir iqtisadi inkişafının möhkəm təməllər üzərində qurulmasına yol açdı. Bu günün reallıqları sübut edir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir.

YAP-ın VII Qurultayı toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etdi. Bildirildi ki, görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmalıdır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdır.

Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi gələcək vacib məsələlər sırasındadır. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsinin partiyaların təşəbbüsü ilə zənginləşdirilməsi hədəflənir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün ciddi addımlar atır. YAP-a digər partiya və təşkilatların qoşulması isə siyasi həmrəyliyin, həmçinin hakim partiyanın siyasi barışıq nümunəsinə çevrilməsinin göstəricisidir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф