booked.net

Şamaxıda ən müasir Dopler meteoroloji radarların açılışı olub


Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir.
Belə sistemlərdən ikisi martın 9-da Şamaxı və Göygöl rayonlarında istifadəyə verilib. Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Szalai, “Spetsosnashenie” şirkətinin rəhbəri Aliyə Nurakişeva iştirak ediblər.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan istixana qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir: “Paris Sazişi, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib. Bu gün Şamaxı və Göygöl rayonları ərazisində ən müasir Dopler meteoroloji radarların açılışı olub. Həmin radarların tətbiqi bizə imkan yaradacaq ki, regionda təhlükəli hidrometeoroloji hadisələrin yaranma vaxtını, davamiyyətini və əhatə dairəsini daha dəqiq proqnozlaşdıraq. Nəticədə üç-dörd saat əvvəldən gözlənilən hadisə haqqında xəbərdarlıqları fəaliyyəti hava-iqlim proseslərindən asılı olan əlaqədar qurumlara və əhaliyə çatdırmaq imkanı yaranır. ABŞ-ın “BARON” şirkətinin istehsalı olan radarlar regionda ilk olaraq ölkəmizdə quraşdırılıb. Gələcəkdə bütün ölkəni əhatə etmək üçün daha üç radarın alınması planlaşdırılır. Onlardan da birinin işğaldan azad olunan torpaqlarımızda - Qarabağda quraşdırılması nəzərdə tutulub. Belə müasir texnologiyaların tətbiqi ilə iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək mümkündür. Həmin radarlardan alınan məlumatların regional əhəmiyyəti də var. Azərbaycan regional əməkdaşlığa açıq olan ölkədir. Düşünürük ki, belə texnologiyaların tətbiqi nəinki Azərbaycan, eləcə də region ölkələri üçün əhəmiyyətli olacaq.
Ümumiyyətlə, Azərbaycanda son iki il ərzində hidrometeorologiya xidmətinin modernləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bütün bu layihələr dövlət investisiyası çərçivəsindədir. Yalnız son iki il ərzində ölkəmizdə 25 hidroloji avtomat stansiyası, dörd dəniz avtomat stansiyası, eyni zamanda, 5 hava keyfiyyətinin monitorinqi avtomat stansiyası quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb”.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti deyib: “BMT-nin İnkişaf Proqramı olaraq erkən xəbərdarlıq sistemlərinin ölkədə qurulmasından məmnun olduq. Belə bir sistemlərə yatırılan hər bir dollar gələcəkdə yeddi dollar qarşılığında fayda verir. Ekstremal hava şəraitlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılması üçün belə sistemlərin quraşdırılması təqdirəlayiqdir. Bu kimi investisiyaların nə dərəcədə həyati vacib olduğunu son 20 ilin statistik göstəricilərinə baxarkən görmək olar. Əfsuslar olsun ki, son 20 il ərzində sunami, qasırğa və digər təbii fəlakətlər nəticəsində təxminən 1,3 milyondan çox insan həyatını itirib, 4.4 milyarddan çox insan isə belə təbii fəlakətlərin mənfi təsirinə bu və ya digər şəkildə məruz qalıb. BMT-nin İnkişaf Proqramı olaraq dövlətin həyata keçirdiyi belə layihələri təqdir edirik. Qeyd etmək istərdik ki, keçən həftə iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı olaraq Milli Adaptasiya Proqramı hazırlanıb. İqlim dəyişikliyinə adaptasiya, eləcə də hidrometeoroloji sistemlərin təkmilləşdiriməsi ilə bağlı gələcək layihələrə ümid bəsləyirik”.
ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer Şamaxıda hava şəraitini təyin edən radar stansiyasının açılışında iştirak etməkdən məmnunluğunu bildirib. Onun sözlərinə görə, bu, Cənubi Qafqaz bölgəsində bir ilkdir və Azərbaycan hava şəraitini proqnozlaşdırmağa kömək edəcək həmin texnologiyanın quraşdırılması və istifadəsi baxımından regionda liderdir: “Bu texnologiya mümkün fırtınalar barədə əvvəlcədən xəbərdarlıq etməyə, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və insanların həyatını qorumağa kömək edəcək. Çox şadam ki, hava şəraitini təyin edən radar ABŞ texnologiyasıdır. ABŞ-da hava şəraiti ilə əlaqədar proqnoz vermək üçün həmin radarlardan 171-i quraşdırılıb. Mən şadam ki, Azərbaycan da bu texnologiyadan istifadə edən ölkələr sırasına qoşulur”.
Qazaxıstanın “Spetsosnashenie” şirkətinin rəhbəri Aliyə Nurakişeva deyib: “Bu cür qabaqcıl texnologiyalar Azərbaycanda ilk dəfə tətbiq olunur. Sovet İttifaqı dövründən bəri Azərbaycanda meteoroloji radarlar şəbəkəsi var. Buna baxmayaraq, belə yüksək texnologiyaların Azərbaycanda tətbiq olunmasına çox sevinirik. Bu, ölkəyə daha keyfiyyətli hava məlumatları istehsal etməyə imkan verəcək. Radar şəbəkəsi gələcəkdə ölkənin hər yerində hidrometeoroloji sistemin inşası üçün əsasdır. Həmin şəbəkə ölkə iqtisadiyyatının bütün sahələri üçün 1800-dən çox hava məlumatı istehsal edə bilər”.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib: “Azərbaycan tərəfini bu bənzərsiz layihənin başa çatması münasibətilə təbrik etmək istəyirəm. Təhlükəli təbiət hadisələri barədə dəqiq məlumatlar verəcək meteoroloji radarlar ilk dəfədir ki, quraşdırılıb. Bu da öz növbəsində, kənd təsərrüfatı üzrə proqnozların verilməsinə çox pozitiv təsir göstərəcək. Nəticədə ölkənin ərzaq təhlükəsizliyi təmin olunacaq. Biz çox şadıq ki, Qazaxıstan şirkəti Amerikanın “BARON Service” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələrində müstəsna nümayəndəsi olaraq belə bir layihəni həyata keçirib. Bunu üçtərəfli əməkdaşlığın - Azərbaycan-Qazaxıstan-ABŞ bu sahədə uğuru hesab edirəm”.
Qeyd edək ki, tədbirin sonunda ağacəkmə aksiyası keçirilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф