Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və publisist Fikrət Sadığın anadan olmasının 95-ci ildönümü münasibətilə Şamaxıda anım tədbiri keçirilib. Tədbir Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində baş tutub.
Mərasimdə ailə üzvləri ilə yanaşı, bölgənin ziyalıları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Fikrət Sadığın Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, Fikrət Sadığın yaradıcılığı milli ruh, yüksək vətəndaş mövqeyi və dərin mənəvi dəyərlərlə zəngindir. Poeziyasında xalqımızın mənəvi dünyasını əks etdirən misralar bu gün də öz aktuallığını qoruyur və oxucular tərəfindən sevə-sevə qarşılanır.
Tanınmış şair və tərcüməçi Zahid Sarıtorpaq da çıxış edərək Fikrət Sadığın ədəbi irsindən danışıb. Onun sözlərinə görə, Fikrət Sadıq Azərbaycan poeziyasında özünəməxsus üslubu, dil və üslub yenilikləri ilə seçilən sənətkarlardandır. Yaradıcılığında lirika ilə ictimai mövzuları ustalıqla vəhdətə gətirə bilən şairin əsərləri bu gün də dəyərini itirməyib.
Şairin övladları – yazıçı Orxan Fikrətoğlu və Aysel Fikrət tədbirdə çıxış edərək atasının həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. Onlar yubileyin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər və Fikrət Sadığın ədəbi irsinin qorunub yaşadılmasının vacibliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblı və Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrəfilovun ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.
Fikrət Sadığın yubileyinin yüksək səviyyədə qeyd olunması onun zəngin ədəbi irsinə verilən dəyərin, həmçinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.














