Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abbasov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissə komandiri İskəndər İskəndərov, Şamaxı Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Nəsirov, eləcə də şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı 26 İyun – Silahlı Qüvvələr Gününün milli dövlətçiliyimizin təməl dəyərlərindən biri olduğunu qeyd ediblər. Natiqlər Azərbaycanın ordu quruculuğunda keçdiyi şərəfli yoldan danışaraq, Silahlı Qüvvələrimizin regionda ən güclü ordulardan birinə çevrilməsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, xalq-ordu birliyi bu gün Azərbaycanın əsas dayaq sütunlarından birinə çevrilib və Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə bunun bariz nümunəsidir.
Tədbirdə çıxış edən şəhid anası Quliyeva Qənirə, şəhid atası Rza Nəbiyev və Vətən müharibəsi qazisi Elvin Məmmədli şəhid və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, Azərbaycan dövləti hər zaman öz qəhrəman övladlarının yanında olub və bu qayğı şəhid ailələri üçün mənəvi dayaq, qazilər üçün isə qürur mənbəyidir. Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlər xalqın yaddaşında əbədi yaşayacaq, onların fədakarlığı heç vaxt unudulmayacaq.
Tədbirin sonunda şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları göstərdikləri şücaət və vətənpərvərlik ruhuna görə Fəxri Fərmanlarla təltif olunublar. Bu təltiflər bir daha sübut etdi ki, dövlət öz qəhrəman övladlarının xidmətlərini daim yüksək qiymətləndirir və onların göstərdiyi fədakarlıq unudulmur.
Tədbirin genişmiqyaslı ictimai önəmi və iştirakçıların zəngin tərkibi bir daha təsdiqlədi ki, Silahlı Qüvvələr Günü yalnız orduya deyil, həm də bütün xalqımıza və dövlətçiliyimizə olan dərin ehtiramın bariz ifadəsidir. Təmsil olunan müxtəlif qurumların və iştirakçıların birliyi bu günün həm rəsmi, həm də mənəvi aspektlərdə xüsusi əhəmiyyətini əyani şəkildə nümayiş etdirdi.








