booked.net

85 saylı Şamaxı seçki dairəsində 712 nəfərin namizədliyi qeydə alınıb


85 saylı Şamaxı seçki dairəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun olaraq davam etdirilir.
 Dairə üzrə 63 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrin seçici siyahılarında 41 min 601 seçici var. Onlardan 938 nəfəri ilk dəfə səs verənlərdir. İki seçicinin yaşı 100-dən yuxarıdır.
Artıq namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başa çatıb. Beləliklə, 29 bələdiyyə üzrə 712 nəfərin namizədliyi qeydə alınıb.
Hazırda məntəqə seçki komissiyalarının üzvləri üçün 5 günlük treninqlər keçirilir və bütün komissiya üzvləri treninqlərə cəlb olunublar. Treninqlər noyabrın 25-də başlayıb və ayın 30-dək davam edəcək.
Dairə üzrə bütün məntəqələrin ərazisində təşviqat lövhəsi quraşdırılıb, məntəqə seçki komissiyalarının ünvanları rayon qəzetində dərc edilib. Habelə, dairə seçki komissiyasının təklifi ilə rayon icra hakimiyyəti başçısının Sərəncamına əsasən bələdiyyəyə namizədlərin təşviqat aparmaları üçün açıq və qapalı görüş yerləri müəyyənləşdirilib, rayon qəzetində həmin yerlər barədə məlumat dərc edilib.
Seçkilərə hazırlıqla əlaqədar mövcud 63 məntəqənin hamısı hazır vəziyyətə gətirilib. Xidmət təşkilatlarının nümayəndələri məntəqələrdə olub, elektrik, su, qaz və istilik sistemlərindəki çatışmazlıqlar aradan qaldırılıb.
Seçki məntəqələrinin təminatı yüksək səviyyədədir və onlar lazımi avadanlıqlarla təchiz edilib. Hazırda təşviqat materiallarının dairə seçki komissiyası vasitəsilə məntəqələrə çatdırılması davam etdirilir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф