booked.net

Azərbaycan-Vyetnam əlaqələrində perspektivli mərhələ başlayır


Prezidenti İlham Əliyev: “Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı çox ciddi siyasi sənəddir”

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə bəyanatla çıxış edən dövlətimizin başçısı qonaqları salamlayaraq bu səfərin Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını söyləyib. Prezident İlham Əliyev səfərin nəticələrinin uğurlu olacağına və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyinə əminliyini ifadə edib. “ Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var”.
 Dövlətimizin başçısı qeyd etdi ki,bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
İqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikasının Azərbaycanın Vyetnama neft satışından asılı olduğuna təəsüfləndiyini deyən ölkəmizin rəhbəri qeyd edib ki, neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır-biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır.  “Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”- deyə ölkə rəhbəri qeyd edib.
Prezident İlham Əliyev qeyd etdi ki, biz bu gün bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsinin apardıq. Mən hörmətli qonağımıza bildirdim ki,  Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.
Dövlətimizin başçısı müdafiə sənayesi sahəsində çox böyük perspektivlər olduğunu diqqətə çatdırıb və söyləyib ki, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib- burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.
Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizin ürəkaçan olduğunu söyləyən Prezident İlham Əliyev   Vyetnamın bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəklədiyini xatırladıb  və buna görə təşəkkürünü bildirib. “Biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır”.
Beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıqlarını və bu sahədə heç bir fikir ayrılığının olmadığını önə çəkən Prezident İlham Əliyev qeyd edib ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir,-deyə dövlətimizin başçısı söyləyib.
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”, “SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” həmin mühüm sənədlərdir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф