Azərbaycan son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mühüm inkişaf mərhələsi keçib. Bu gün ölkəmiz qarşısında duran əsas məsələ əldə olunan nəticələri qorumaqla yanaşı, həmin imkanları yeni iqtisadi və texnoloji istiqamətlərə yönəltmək, Azərbaycanın regional və qlobal mövqeyini daha da gücləndirməkdir.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbir bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Dövlətimizin başçısı beynəlxalq investorların suallarını cavablandırarkən Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna, mövcud imkanlarına və qarşıdakı dövr üçün əsas prioritetlərinə geniş şəkildə toxundu.
Cənab Prezidentin çıxışında diqqəti çəkən əsas məqam Azərbaycanın artıq yeni mərhələyə qədəm qoymasıdır. Ölkəmiz üçün bu mərhələ yalnız iqtisadi artım deyil, həm də yeni imkanların yaradılması, iqtisadiyyatın şaxələndirilməsi və müasir texnologiyaların inkişafı deməkdir.
Güclü iqtisadi təməl yeni imkanların başlanğıcıdır
Hər bir ölkənin gələcək inkişafı üçün ilk növbədə möhkəm iqtisadi baza lazımdır. Azərbaycan da son illərdə məhz belə bir baza formalaşdırıb.
Dövlətimizin başçısı forumda bu məsələyə toxunaraq bildirdi ki, “görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı.”
Bu fikir Azərbaycanın keçdiyi inkişaf yolunun mahiyyətini ifadə edir.
Son 20 il ərzində ölkəmizə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini göstərir.
Digər tərəfdən, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər də diqqətəlayiqdir. 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının ümumi daxili məhsulda payı 71 faizə çatıb. Bu göstərici ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərin nəticəsini aydın şəkildə nümayiş etdirir.
Lakin Azərbaycanın qarşısında daha böyük hədəflər dayanır. Cənab Prezidentin də vurğuladığı kimi, qarşıdakı dövrdə əsas məqsədlərdən biri neft-qaz sektorundan kənar sahələrdə mövcud potensialdan daha səmərəli istifadə etməklə uzunmüddətli və dayanıqlı artıma nail olmaqdır.
Enerji imkanlarından yeni iqtisadiyyata
Azərbaycanın iqtisadi inkişafında enerji sektoru xüsusi yer tutur. Ölkəmizin neft və qaz sahəsində əldə etdiyi təcrübə və formalaşdırdığı tərəfdaşlıq əlaqələri gələcək layihələr üçün də mühüm baza yaradır.
Amma bu gün enerji siyasətində yeni istiqamətlər də ön plana çıxır.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğunu diqqətə çatdıraraq bildirib ki, “təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik.”
Bu rəqəm Azərbaycanın qarşısında dayanan imkanların miqyasını göstərir.
Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, yeni enerji layihələrinin həyata keçirilməsi və elektrik enerjisinin ötürülməsi imkanlarının genişləndirilməsi ölkənin gələcək enerji strategiyasının mühüm hissəsidir. Dövlətimizin başçısı qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələrinin olacağını bildirib.
Maraqlı məqam isə ondan ibarətdir ki, bu enerji potensialı artıq yalnız ənənəvi enerji sektoru çərçivəsində qiymətləndirilmir. Əlavə enerji imkanlarının data mərkəzləri, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi gələcəyin əsas sahələrinin inkişafına yönəldilməsi məsələsi də gündəmdədir.
Beləliklə, Azərbaycanın enerji potensialı yeni iqtisadiyyatın formalaşmasına xidmət edən mühüm amilə çevrilir.
Coğrafi mövqedən strateji üstünlüyə
Azərbaycanın gələcək inkişaf imkanlarını müəyyən edən əsas amillərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyidir.
Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Son illərdə həyata keçirilən genişmiqyaslı yol, dəmir yolu, hava və dəniz infrastrukturu layihələri bu imkanları daha da artırıb.
Dövlətimizin başçısı forumda bildirdi ki, “bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik.”
Artıq nəticələr də konkret rəqəmlərlə ifadə olunur. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi bildirilir.
Bu, Azərbaycanın nəqliyyat və logistika imkanlarının gələcəkdə daha da genişlənəcəyindən xəbər verir.
Lakin müasir dövrdə tranzit ölkə olmaq yalnız coğrafi mövqedən asılı deyil. Rəqəmsal idarəetmə, müasir gömrük sistemi, sürətli logistika və yeni texnologiyaların tətbiqi də mühüm şərtdir. Cənab Prezidentin qeyd etdiyi kimi, yüklərin idarə olunması prosesi daha asan və sürətli edilməsə, rəqabətdə üstünlük qazanmaq çətin olacaq.
Bu baxımdan Azərbaycanın qarşısında təkcə nəqliyyat dəhlizlərini inkişaf etdirmək deyil, həm də həmin dəhlizləri müasir texnologiyalarla birləşdirmək və ölkəni regional bağlantı mərkəzinə çevirmək vəzifəsi dayanır.
Gələcəyin əsas dayağı insan kapitalıdır
İnfrastruktur qurmaq, enerji istehsalını artırmaq, yeni texnologiyalar gətirmək mümkündür. Lakin bütün bunların arxasında dayanan əsas qüvvə insandır.
Məhz buna görə dövlətimizin başçısının çıxışında insan kapitalına xüsusi diqqət yetirilməsi təsadüfi deyil.
Cənab Prezident rəqəmsal inkişafdan danışarkən çox mühüm bir fikri önə çəkdi: “Peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyduğumuz məqsədlərə heç vaxt nail ola bilmərik.”
Bu yanaşma Azərbaycanın gələcək inkişaf modelinin mühüm istiqamətlərindən birini göstərir.
Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, təhsil sahəsində həyata keçirilən layihələr, gənclərin xaricdə təhsil almasına yaradılan imkanlar və müasir ixtisaslar üzrə kadr hazırlığı gələcəyin iqtisadiyyatına qoyulan investisiyalardır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, illər ərzində xaricdə təhsil almış minlərlə gəncin ölkəyə qayıtması Azərbaycanın insan kapitalının formalaşmasına mühüm töhfə verib.
Bu gün qarşıda duran məqsəd aydındır: Azərbaycan yalnız təbii sərvətlərə malik ölkə kimi deyil, bilik, texnologiya və innovasiya yaradan ölkə kimi də mövqeyini gücləndirməlidir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini aydın şəkildə göstərir.
Bir tərəfdə ölkənin artıq formalaşdırdığı güclü iqtisadi baza, digər tərəfdə isə yeni imkanlar dayanır. Bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, süni intellekt, mədənçilik, ərzaq təhlükəsizliyi və insan kapitalı qarşıdakı dövrdə Azərbaycanın inkişaf gündəliyində daha mühüm yer tutacaq.
Ən başlıcası isə Azərbaycanın gələcək inkişafı üçün zəruri olan əsas şərt artıq formalaşıb – siyasi və iqtisadi sabitlik, güclü infrastruktur və müstəqil maliyyə imkanları.
Dövlətimizin başçısının forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın inkişaf siyasətində əsas məqsəd yalnız bu günün nəticələrini qorumaq deyil, sabahın daha böyük imkanlarını yaratmaqdır.
Bu isə Azərbaycanın qarşısında yeni mərhələ – daha şaxələndirilmiş, daha texnoloji, daha rəqabətqabiliyyətli və daha güclü iqtisadiyyat qurmaq mərhələsi deməkdir.
İnvestisiya və tərəfdaşlıqda yeni mərhələ: Prezident İlham Əliyevin iştirakı ilə mühüm sənədlər mübadilə edilib
Müasir dünyada iqtisadi inkişafın mühüm şərtlərindən biri ölkənin beynəlxalq investisiya imkanlarından səmərəli istifadə etməsi, yeni tərəfdaşlıqlar qurması və milli iqtisadiyyatın rəqabət qabiliyyətini davamlı şəkildə artırmasıdır. Azərbaycan son illərdə həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində bu istiqamətdə mühüm uğurlar əldə edib. Ölkəmizin etibarlı tərəfdaş və əlverişli investisiya məkanı kimi mövqeyinin möhkəmlənməsi də bunun bariz nümunəsidir.
Sentyabrın 25–26-da Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya potensialının beynəlxalq müstəvidə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən tədbir dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, investorları, maliyyə qurumlarını və aparıcı şirkətləri bir araya gətirdi. Forum çərçivəsində Azərbaycanın iqtisadi imkanları, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, sənaye, rəqəmsal iqtisadiyyat və yeni investisiya layihələri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Sentyabrın 26-da isə Forum çərçivəsində imzalanmış bir sıra mühüm sənədlərin Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi keçirildi. SOCAR ilə “TotalEnergies”, XRG, “Comstock Resources”, “Apollo”, SEFE, “Eni”, “ExxonMobil”, “VNG” və digər beynəlxalq şirkətlər arasında imzalanan sənədlər Azərbaycanın enerji sektorunda əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, xarici ölkələrdə enerji layihələrində iştirak, qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı və hasilatı, təbii qaz və enerji infrastrukturunun inkişafı ilə bağlı əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında fəal iştirakını daha da genişləndirir.
Lakin Forumun əhəmiyyəti yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti, İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group”, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” arasında imzalanan sənədlər ölkəmizin qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində də yeni imkanların yarandığını göstərir. “Oracle” ilə əməkdaşlıq isə rəqəmsal texnologiyalar və müasir innovasiyaların iqtisadi inkişafda rolunun getdikcə artdığını nümayiş etdirir.
Bütün bunlar Azərbaycanın iqtisadi siyasətində mühüm bir məqamı ortaya qoyur: ölkə yalnız mövcud resurslarından istifadə edən deyil, eyni zamanda yeni investisiya imkanları yaradan, beynəlxalq kapitalı iqtisadiyyatın müxtəlif sahələrinə cəlb edən və uzunmüddətli tərəfdaşlıqlar quran dövlət kimi çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də məhz ölkənin iqtisadi potensialının gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu siyasət nəticəsində Azərbaycan həm regional, həm də qlobal iqtisadi layihələrdə öz mövqeyini möhkəmləndirir.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənədlər də bu prosesin yeni mərhələyə daxil olduğunu göstərir. Müxtəlif ölkələrdən və beynəlxalq şirkətlərdən olan tərəfdaşlarla qurulan əlaqələr qarşıdakı dövrdə yeni layihələrin, yeni istehsal imkanlarının, texnologiyaların və iqtisadi əməkdaşlıq istiqamətlərinin yaranmasına zəmin yaradır.
Bu baxımdan Azərbaycan üçün investisiya yalnız maliyyə vəsaitinin cəlb edilməsi deyil. İnvestisiya eyni zamanda yeni texnologiya, yeni istehsal, yeni bazarlar, yeni tərəfdaşlıqlar və gələcək inkişaf üçün yeni imkanlar deməkdir. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə ölkəmizin bu imkanları səmərəli şəkildə dəyərləndirmək əzmində olduğunu bir daha nümayiş etdirdi.





