Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının
“Vietnam News Agency” agentliyinə müsahibə verib.
Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan fikirlər, irəli sürülən tezislər iki ölkə arasında münasibətlərin, həm də ölkəmizin qlobal arenadakı mövqeyinin dolğun əks etdirilməsi baxımdan geniş ictimaiyyətdə böyük maraq doğurub.
Dövlətimizin başçısı Azərbaycan və Vyetnam arasında ikitərəfli əlaqələrdən danışarkən bu münasibətlərin və əməkdaşlığın yarım əsrdən artıq tarixə malik olduğunu xüsusi vurğulayıb. Ölkələrimizi dostluq münasibətlərinin birləşdirdiyini qeyd edən dövlət başçısı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfərini xatırladıb. Onun həmin vaxt keçmiş ittifaqın rəhbərlərindən olan Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərini diqqətə çatdırıb. Bütün bunlar isə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verib.
2015-ci ildə cənab Çıonq Tan Şanqın Azərbaycana gəlişi münasibətlərdə yeni səhifə açdı. Həmin vaxt səfər çərçivəsində Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və inkişafı baxımdan effektli alındı. Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması, siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq fonunda münasibətləri bu gün arzulanan səviyyəyə çatdırıb.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin 223,93 milyon ABŞ dolları təşkil etməsi qarşılıqlı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu özündə əks etdirir.
Dövlətimizin başçısı müsahibəsində iki ölkə arasında neft sahəsində mövcud qarşılıqlı fəaliyyətə də toxunub, Vyetnamın neft sənayesinin yaradılması və inkişafında Azərbaycan mütəxəssislərinin əsas rol oynadığını xüsusi qeyd edib. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə iki ölkə arasında faydalı əməkdaşlığın daha bir nümunəsidir.
Kökləri sovet dövrünə gedib çıxan, son illərdə daha da inkişaf edən mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıqdan danışarkən dövlətimizin başçısı 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayevin Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələdiyini, azərbaycanlı rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirakını, orada ustad dərsləri keçdiyini və üç film çəkdiyini xatırladıb. O vaxt Əjdər İbrahimov bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılmışdı.
Azərbaycan və Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq bu gün də uğurla davam edir. Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşünü yada salıb və onların ölkəmiz haqqında səmimi sözlərini məmnunluqla xatırlayıb. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis edilməsi bu münasibətlərin təməlində əsl dostluğun, səmimiyyətin dayandığını bariz şəkildə nümayiş etdirir.
2024-cü ildə Bakıda Vyetnam əsgərlərinin müharibə zamanı göstərdiyi qəhrəmanlığa həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi, elə həmin il Bakıda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etdiyini, möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyev Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf etdiyinin daha bir nümunəsi kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Ölkəmizin başçısı ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılması kontekstində Vyetnam Liderinin Azərbaycana nəzərdə tutulan səfərini qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan, böyük siyasi əhəmiyyətə malik hadisə, Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafının mühüm mərhələsi kimi dəyərləndirib: "Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək."
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə qarşıdakı səfəri, eyni zamanda, siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.
Prezident İlham Əliyev bəyan edib ki, Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişafı üçün bütün imkanlar mövcuddur. İqtisadi-ticari münasibətlər iqtisadi artımı stimullaşdırmaqla yanaşı, qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq. Bu isə iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanlarının mövcudluğu deməkdir.
Dövlətimizn başçısı qeyd edib ki, müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya, təhsil sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı- bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
Dövlətimizn başçısı əmindir ki, mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər.
