booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib


Prezident İlham Əliyev müsahibəsində 2024-cü ilin sosial-iqtisadi yekunlarından danışarkən keçən ilin nəticələrini müsbət qiymətləndirib və neft hasilatının sabit qalması üçün düşünülmüş siyasət sayəsində bu sektorun ümumdaxili məhsula bundan sonra mənfi təsir göstərməyəcəyini xüsusi qeyd edib. Ölkənin maliyyə vəziyyətini böyük dərəcədə yaxşılaşdırmaq, rezervlərini artırmaq mümkün olub. İl ərzində valyuta ehtiyatları təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Qazanılan uğurlu nəticələr ölkədə sosial proqramların daha fəal icra edilməsinə imkan verir. 
Prezident İlham Əliyev ötən il Bakıda keçirilən mühüm beynəlxalq tədbirlə bağlı fikirlərini də bölüşüb. COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdlərinə toxunan dövlət başçısı bunun olduqca gözlənilməz olduğunu vurğulayıb və deyib ki, bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu.
"COP"-un əsas mövzularından birinin  maliyyələşmə məsələsi olduğuna diqqət çəkən ölkə rəhbəri deyib kibiz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Əlbəttə, bu böyük uğur idi və bu gələcək üçün bir miras oldu.    
Azərbaycan Prezidentinin müsahibəsində respublikanın D-8 təşkilatına qəbul edilməsinin əhəmiyyəti barədə dediyi fikirlər də diqqət çəkib. Azərbaycan 2024-cü ilin sonunda “İslam Səkkizliyi”nə qoşulub və təxminən 30 ildən sonra təşkilata daxil olan ilk ölkə olub. "Bu qərar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu göstərir"-deyən Prezident İlham Əliyev qeyd edib ki, müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.
Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsilə bağlı sualı cavablandırarkən dövlətimizin başçısı deyib ki, bu, İrəvan ilə Bakı arasında hansısa dialoq yox, monoloq nəticəsində baş verdi. Onların danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə etmək niyyətləri puça çıxdı. Çünki delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilib. Hazırda öz doğma kəndlərinə dönəcək əhalinin təhlükəsizliyi üçün dövlətimiz tərəfindən ən zəruri tədbirlər görülür.  
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Ermənistanın silahlandırılması region üçün yeni gərginliyə səbəb olacaq təhlükə mənbəyidir. Ölkə rəhbəri rəsmi İrəvanın silahlanmasına kənardan baxmayacağını vurğulayıb və bu prosesin dərhal dayandırılmasını tələb edib: “Fransa və onu silahla təmin edən digər ölkələr bu müqavilələri ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qaytarılmalıdır. Bu, bizim şərtimizdir.”
“Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək”- deyən Prezident İlham Əliyev bu şərtlərdə hər hansı bir fövqəladə məsələ olmadığını qeyd edib. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi- bunlarsız sülh müqaviləsinin mümkünsüzlüyünü vurğulayıb. Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti  deyib ki,- "Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik."
Cənab Prezidentin dediyi kimi, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.
Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlətimiz üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il həmin sahəyə ən azı 4 milyard manat, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün isə 8,4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Son üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaq mümkün olub. Bütövlükdə 30 minə yaxın insan orada yaşayıb, çalışırlar. 
Bu il üçün dövlətimizin planında daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaq nəzərdə tutulub. 
Prezident İlham Əliyev müsahibəsində Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasətindən də söz açıb. Bu məsələ hazırda qlobal gündəmdə olan əsas problemlərdən biridir və bir çox dünya dövlətlərini narahat edir. Bakıda keçirilən COP29 tədbirində də Afrika ölkələrinin üzləşdiyi Fransa müstəmləkəçiliyi ilə bağlı problemə yer ayrıldı, çünki bu tədbirdə Afrika ölkələri geniş təmsil olunmuşdu. Son illər müxtəlif beynəlxalq platformalarda müstəmləkəçiliyə qarşı mübarizə daha geniş vüsət almağa başlayıb. Azərbaycan beynəlxalq miqyasda neokolonializmə son qoyulması üçün praktik işlər həyata keçirir, neokolonializmin istənilən formasına qarşı mübarizə aparır, bu istiqamətdə ictimai və vətəndaş hərəkatlarına dəstək göstərir.
Prezident İlham Əliyev Fransanın siyasi səhnəsində azərbaycanofobiyaya əsaslanan konsensusa diqqət çəkib. Bu, həm Avropa ölkəsinin indiki hakimiyyətləri, həm də onların əleyhdarları arasında müşahidə olunur. Eyni zamanda, Parisin Azərbaycana münasibətdə siyasəti erməni lobbisinin təsirini formalaşdırır. Beləliklə, onlar Fransada erməni icmasının dəstəyini əldə edirlər. 
Dövlət başçısı yerli telekanallara müsahibəsində İranla münasibətlərə də toxunub və torpaqlarımızın işğaldan azad edilməsi zamanı, həmçinin daha sonrakı proseslərdə İran rəsmi dairələrinin Azərbaycana qarşı mövqeyini konkret faktlarla kəskin tənqid edib. 
Əyalət mollasının Azərbaycana qarşı nifrət münasibətinə gəlincə, bunun birinci dəfə olmadığını deyib: "Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?"
Məsələyə qətiyyətli mövqeyini göstərən Prezident İlham Əliyevin qarşı tərəfə sözləri kifayət qədər sərt olub: "İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır”.
Cənab Prezident müsahibəsində Avropa üçün enerji daşıyıcılarının təmin edilməsində Azərbaycanın yardımı ilə bağlı mülahizələrini də bölüşüb. Dövlət başçısı Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasının genişləndirildiyini, son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışın mümkünlüyünü qeyd edib. Azərbaycan 2025-ci ildə “Azəri-Çıraq-Günəşli”də “dərin” qaz layihəsi çərçivəsində ilk qazı əldə etməyə ümid edir. “Abşeron” yatağında qaz hasilatını 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmaq üçün tərəfdaşlarla işləmək planları hazırdır. 
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bu təsisatdan gözləntilərini də ətraflı şəkildə diqqətə çatdırıb. 
Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini bir daha bəyan edib və bildirib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi çıxış etməməlidir. “Zəngəzur dəhlizi açıq olmalıdır və olacaq. Onlar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”. 
Dünyada gedən siyasi proseslərə diqqət çəkən Prezident İlham Əliyev  Türkiyə-Azərbaycan birgə əməkdaşlığının bundan sonra da inkişaf edəcəyini, beynəlxalq məsələlərdə iki qardaş ölkənin eyni platformada çıxış edəcəyinə əminliyini ifadə edib. 
Müsahibədə Amerika-Azərbaycan əlaqələrinə də toxunulub. Ölkə başçısı deyib ki, hər iki tərəf maraqlı olsa, Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik. Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərməsi bunu deməyə imkan verir. 
Dövlət başçısı Avropa Komissiyası ilə münasibətlərə toxunarkən, bunun necə inkişaf edəcəyini söyləməyin çətin olduğunu bildirib. Bu nöqteyi-nəzərdən, ötən ili məyusluqla dolu bir il adlandırıb. Məhz, keçən il Avropa İttifaqının normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutduğunu diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirməyib, əksinə, sarsıdıb.
Prezident İlham Əliyev müsahibəsində Qərbi Azərbaycan məsələsindən də danışıb. Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, onların qayıtmaları üçün tam hüquqları vardır: "Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф