booked.net

Ölkəmiz yeni hədəflərə uğurla irəliləyir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev bildirib kİ, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. 
Bu layihə vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Azərbaycan bu mürəkkəb layihəni uğurla icra etməyi bacardı. Çünki eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib və həmçinin istismara verilib. Bütün bu işlər daha aşağı xərclə edilib. Cənab Prezidentin dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.”

COP29 BİZİM ÜMUMİ YAŞIL ENERJİ GÜNDƏLİYİMİZİN VƏ MƏSULİYYƏT HİSSİMİZİN BİR HİSSƏSİNİ TƏŞKİL EDİR
Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (Conference of the Parties-COP29) qeyd olunan problemlərlə bağlı dünya və ölkə ictimaiyyətinin məlumatlılığını artırmaq, bu sahədə görülən işlərə və mövzuya aid müzakirələrə şərait yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev  “Euronews” televiziyasına verdiyi müsahibəsində bu haqda da ətraflı danışıb: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.

AZƏRBAYCANIN BƏRPAOLUNAN ENERJİ LAYİHƏLƏRİ GÜNDƏLİYİ ÇOX İDDİALIDIR
Azərbaycan da iqlim dəyişikliyinin bilavasitə təsiri altındadır. Ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqın, quraqlıq kimi təbii fələkətlər, həmçinin onların nəticəsi kimi içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər. İqlim dəyişikliyi nəticəsində meşələrə, kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər. Artıq iqlim dəyişikliyinin mənfi təsirləri özünü göstərməyə başlayıb. Belə ki, qiymətli ağacların sayının sürətlə azalması müşahidə edilir. Digər tərəfdən, qlobal iqlim dəyişikliyinin nəticəsi kimi yaxın illərdə Xəzər dənizinin səviyyəsinin daha bir metr qalxacağı proqnozlaşdırılır. Bu isə dəniz səviyyəsinə yaxın ərazilərin su altında qalması ilə nəticələnə bilər.
İqlim dəyişmələrinin meydana gəlməsinə səbəb olan amillərdən biri də vaxt keçdikcə sənaye və nəqliyyatda yanacaqdan daha çox istifadə edilməsidir. Belə ki, hər il atmosferə 20 milyard tondan çox müxtəlif hissəciklər daxil olur ki, bu da atmosferin temperatur rejiminə, hava şəraitinə təsir edir, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq,  deyə cənab Prezident əlavə edib.
 Cənab Prezident müsahibədə deyib ki, görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir: Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф