booked.net

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib


PREZİDENT İLHAM ƏLİYEV: “İLİN ƏVVƏLİNDƏN İQTİSADİ İNKİŞAF GÖZLƏNİLƏN SƏVİYYƏDƏDİR”

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir. Cari ilin ötən dövründə, yəni yanvar-avqust aylarında  ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə  4,3 faiz təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda 7 faiz, qeyri- neft sənayesində   7,8 faiz artım qeydə alınıb.
ÜDM-in nomİnal artımı neft-qaz sahələrindəki əlavə dəyəri bir neçə dəfə üstələyir ki, bu da Azərbaycanında əlavə dəyərin baza sütununun enerji sektorunda deyil, iqtisadin inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar öz mühüm bəhrəsini verməkdədir.
Qeyri-neft  iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanın ümumi tərəqqisində mühüm rol oynayan neft sektorunda da son dövrlərdə sabitləşmə və  müsbət meyillər müşahidə edilməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə buraxılmış bir sıra nöqsanlar neftin hasilatının ildən-ilə azalmasına səbəb olub, həmin nöqsanların aradan qaldırılması və neft hasilatının sabitliyinin təmin edilməsi üçün xarici konsorsiumla danıışıqlar aparılıb və vəziyyət ümidvericidir. Hazırda neft-qaz sektorunda bir neçə layihə üzərində  işlənilir və həmin layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozları əldə olunacaq. Ümimilikdə, yeni layihə və yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilməsi gözlənilir ki, bu da neft və qaz sahəsində müsbət templəri təmin edəcək.

“GƏLƏN İL MİNİMUM ƏMƏK HAQQI VƏ MİNİMUM PENSİYA ARTIRILACAQ”
Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi: “Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı.
Yəni, bütün bu məsələlər tam əminliklə deməyə əsas yaradır ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, - gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”.

“AZƏRBAYCANDA ÇOX MÜSBƏT SƏRMAYƏ İQLİMİ UZUN İLLƏRDİR DAVAM EDİR”
Dövlətimizin başçısı ölkəmizdə təmin edilmiş əlverişli invenstiya mühiti şəraitində sərmayə qoyuluşlarının artırılması üçün təşviqedici siyasətin davam etdiriləcəyini də xatırladıb:” Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.
Qeyd etdiyim kimi, indi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır”.

“AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF MODELİ DÜNYADA ÖZÜNÜ TƏSDİQLƏYİB”
Ölkəmizin strateji iqtisadi hədəflərinin gerçəkləşməsində güclü maliyyə təminatı olan və bütün tədbirlərin əsas mənbəyi olan dövlət büdcəsinin yığım imkanları da böyüyür. Hazırda  müzakirə olunan 2025-ci ilin dövlət büdcəsi və icmal büdcə layihələrinin müsbət göstəriciləri də potensialımızın artmasından xəbər verir.
Prezident İlham Əliyevin vurğuladığı  kimi büdcədə  xərc prioriteti kimi ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr dayanır. Həmçinin, sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr xərclərin əsas istiqamətlərini təşkil edəcək.
Dövlət başçımızın qeyd etdiyi kimi: “Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф