booked.net

Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini (Məsim Məmmədovu) qəbul edib


        

         Martın 28-də ölkə başçısı İlham Əliyev Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul edərək bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub.
          Dövlətimizin başçısı Laçın rayonunun ölkəmizin ən böyük rayonlarından biri olduğunu qeyd edərək bu rayonun çox böyük potensialı olduğunu xüsusi vurğulayıb və əminliyini bildirib ki, doğma yurdlarına qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalarını  Azərbaycan dövləti təmin edəcək.
           Laçın rayonu 28 il işğal altında olub və bu dövrdə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilərək ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə, ərazinin meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. 
           Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür.
          İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək orada yerləşdiriliblər. Bu isə öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
           Prezident İlham Əliyev işğal dövründə ermənilərin Laçında qanunsuz məskunlaşma siyasətindən də söz açıb: "Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir."
Dövlətimizin başçısı deyib ki, Laçın rayonunun işğalı ölkəmiz üçün böyük faciə idi və bu  AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər- hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. 
              Prezident Şuşanın, ondan sonra Laçının işğal altına düşməsinin Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olduğunu bildirmişdir: “Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş- 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.”
             Laçın rayonunun işğalı nəticəsində rayonun əhalisi döğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif rayonlarında məcburu köçkün həyatı yaşamağa məcbur oldular.
           "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik"-deyən Prezident İlham Əliyev, məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardığını bildirib. 
İşğal dövründə beynəlxalq vasitəçilərin və ilk növbədə ATƏT-in o vaxtkı Minsk qrupunun bütün fəaliyyətlərinin münaqişənin həllinə deyil, məhz bu işğalı möhkəmləndirməyə yönəldiyi artıq heç kim üçün sirr deyil. Əgər həmin dövrdə bu qurumlar öz əməllərini bir qədər pərdələməyə çalışırdılarsa, artıq bu gün Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələrin açıq-aşkar ermənipərəst mahiyyəti bu sənədlərin rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsulu olmasına dair heç kimdə şübhə doğurmur. Eləcə də bütün bu çirkin oyunlarda aparıcı rolun məhz Fransa deputatlarının oynadıqları da artıq gizlin deyil. 
            Lakin günün reallığı başqadır. Dövlətimzin başçısının   dediyi kimi, artıq heç kim, heç bir qüvvə Azərbaycanla ultimatum dili ilə danışa bilməz və əgər buna müəyyən cəhdlər olarsa belə, bunun heç bir nəticəsi olmaz. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana, müharibədən keçən iki il yarım ərzində isə Ermənistanın bütün himayədarlarına sübut edib.
          İkinci Qarabağ müharibəsi başa çatan kimi ölkə başçısı tərəfindən dərhal göstəriş verildi ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin və Azərbaycan bu işi bir il yarım ərzində həll etdi. Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara verildi. Avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu.
          Hal-hazırda Azərbaycan həm Laçın rayonunun təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün qarşıya qoyulmuş əsas vəzifələrin icrası ilə məşğuldur. Bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. 
        Prezident İlham Əliyevin deyib ki, indi həmin ərazilərdə əvvəllər heç vaxt mövcud olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar çəkilib. Bu gün Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Ölkəmiz bu istiqamətdə öz mövqelərini gücləndirir və bu mövqelərdə də qalacaq. Həmçinin hazırda Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Qeyd edək ki, Laçında Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır.
           Laçının dirçəldilməsi, soydaşlarımızın doğma yurdlarına qayıdışı üçün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasət uğurla davam etdirilir. Həyata keçirilən işlər dövlət başçımızın müvafiq tapşırıqları əsasında planlı və ardıcıllıqla reallaşdırılır. 
            Prezident bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışarkən deyib: "Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar."
            Prezident İlham Əliyev bildirib ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.
            Prezident İlham Əliyev qəbul zamanı həyata keçirilən infrastruktur layihələri ilə bağlı geniş məlumat verib və bildirib ki, Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
"Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum"- deyən Prezident İlham Əliyev bildirib ki, .bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.
İki il ərzində Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.
             Quruculuq işlərinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaqdır. Bu gün Laçın şəhərinin bütün infrastrukturu– su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar yenidən qurulur. Yaxın gələcəkdə isə Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.
             Dövlətimizin başçısı bundan sonra Laçın rayonunda ətraf mühitin qorunmasını birinci vəzifə olaraq qeyd edib: "Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır." 
           Respublika Prezidenti vurğulayıb ki, Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.
           Dövlətimizin başçısı əminliklə bildirib ki, bütün işlər yoluna qoyulacaq. Bunun üçün həmin ərazilərdə yeni idarəetmə üsulunun tədbiqinə də ehtiyac var: " Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir."



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф