booked.net

Laçın rayonu 2020-ci il 1 dekabr tarixində işğaldan azad olundu


Prezident İlham Əliyev:
"Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək."

Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşən, ölkəmizin ən qədim insan məskənlərindən biri olan Laçının tarixi min illərlə ölçülür. Mirik kəndi ərazisindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndindəki mağara məbəd, IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları bu qədim yurdumuzun tarixindən günümüzə işıq salırdı.

1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır.

1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.
Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub.

İşğal zamanı 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib. İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

4 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi ərazisində yerləşir. İşğal dövründə Ermənistan Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlamış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun formalarını dəyişdirərək tanınmaz hala salıb.

XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi1989-cu ildə rayonun Güləbird kəndində istifadəyə verilib. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan edilib.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olub.

Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbənəticəsində imzalanmış
üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan vəTürklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu il 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur.Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Sonra Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi və stansiyanı işə saldı.

Dövlət rəhbərinin tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisə kimi qeyd olunmalıdır. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihədir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində də çoxsaylı su elektrik stansiyalarının tikiləcəyini və bunun üçün çox əlverişli şərtlərin olduğunu bildirən Prezident İlham Əliyev vurğuladıki, azad edilmiş bütün torpaqlarımızda bərpaolunan enerji növlərinin və yerlərinin müəyyənləşdirilməsi prosesinə başlanması üçün göstəriş verib:
 “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.
Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”.

Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Onlardan biri Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək. Bu, hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, bölgənin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Dövlətimizin başçısı deyib: "Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək."

Laçın rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 47.6 milyon manat, başqa sözlə 0.5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, buproqnozlar sadəcə aqrar potensialı əhatə edib.  Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф