booked.net

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək davam edir


Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ hər birimizi dərindən sarsıtdı. Faciənin baş verdiyi ilk andan etibarən Azərbaycan qardaş Türkiyəyə dəstəyini nümayiş etdirdi. Azərbaycan xalqı Türkiyənin bu çətin günündə öz dəstəyini mümkün olan bütün formalarda həyata keçirir.

Təbii fəlakətin baş verdiyi haqda məlumat alan kimi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. 
Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. 
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. 
Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. 
Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib. 
Dövlətimizin başçısı deyib ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. 
Prezident İlham Əliyev vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq. 
Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Bəli, qardaş Türkiyəyə ilk yardım əlini uzadan ölkə can Azərbaycan olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Zəlzələ bölgəsində FHN-in 725 nəfərlik şəxsi heyəti axtarış-xilasetmə işlərinə dəstək göstərir.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilməsi davam edir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıb. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”;
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.
Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələnin Azərbaycan xalqını çox sarsıtdığını bildirib və qardaşlarımızın dərdinə şərik olduğumuzu, yaralılara tezliklə Allahdan şəfa diləklərimizi Türkiyə Respublikasının ölkəmizdəki səfiri  Cahit Bağcıya çatdırıb.  
Dövlətimizin başçısı çıxışında Azərbaycanın qardaş ölkəyə sona qədər öz dəstəyini göstərəcəyini xüsusi vurğulayıb və qeyd edib ki, Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.
Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bu gün tək Azərbaycandan deyil, eləcə də, dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımız da qardaşlarımıza dəstək olmaq üçün əlindən gələni edirlər.
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.
Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.
Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.
Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb.
Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər.
Prezident İlham Əliyev əminliklə bildirib ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Dövlətimizin başçısı qeyd edib ki, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər: "Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir." 
Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. 

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstəyə bir neçə nümunə: 
-6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.
-Birinci təyyarə fevralın 6-da saat 13:25-də yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb.
-İkinci təyyarə fevralın 6-da 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb.
-Üçüncü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.
-Dördüncü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.
-Beşinci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.
-Altıncı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.
Yeddinci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.
-Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb.
-Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.
Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir: “Bütün ictimai təşkilatlar öz dəstəklərini göstərirlər. Heydər Əliyev Fondunun bu yöndə fəaliyyəti daim yüksək dəyərləndirilir. Mərhəməti, xeyirxahlığı fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Heydər Əliyev Fondu böyük təşəbbüsə start verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə qardaş ölkəyə yardım aparan Fond əməkdaşları ilə görüşündə Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü ifadə etdi: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!”. 
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Qardaş ölkədə baş verən dəhşətli faicədən zərər çəkənlərə kömək məqsədilə Naxçıvandan geniş yardım kampaniyası başladılıb. İki gün ərzində muxtar respublikadan zəlzələ bölgəsinə 30 TIR-a yaxın humanitar yardım göndərilib.
8 fevral Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən humanitar yardımla bağlı muxtar respublikada yaşayan sakinlərə edilən müraciətdən sonra Naxçıvandan 12 TIR lazım olan ləvazimat yola salınıb.
Türkiyədəki dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün Bakıda yardım toplama kampaniyası davam edir. Yardımın toplandığı məntəqələrə axın edən çoxsaylı vətəndaşlar türk qardaşlarına əllərindən gələn köməyi göstərməyə can atırlar. Yardımların qəbul edildiyi ünvanlara - Bakı İdman Sarayına (Neftçilər prospekti 26a) və Heydər Əliyev adına İdman Kompleksinə (Abbas Səhhət küçəsi 2) əsasən qış pa Gətirilən əşya və ləvazimatlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılır, avtomobillərə yüklənir, bundan sonra qardaş ölkəyə yola salınır. Kampaniyada yüzlərlə gənc könüllü kimi işləyir.       
Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.           
Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.

Fevralın 8-dən başlayaraq Şamaxı sakinləri də Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım kampaniyasına qoşulublar. Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr könüllü olaraq iştirak edirlər. Böyükdən-kiçiyə hər kəs qardaş Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım etmək üçün səhər saatlarından Şamaxı Olimpiya Mərkəzində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstək olur.
Rayon sakinləri isti geyimləri, əlcəkləri, corabları, yataq dəstlərini, quru ərzaqları, təmizləyici vasitələri təyin olunmuş məntəqədə çeşidləyirlər. Yardımlar toplanıldıqdan sonra yük avtomobillərinə yığılır.
İki gündə 4 yük maşını Bakıya göndərilib. Günün sonuna kimi daha 4 yük maşın dolu yardım Türkiyəyə yola salınmaq üçün Bakıya göndəriləcək.

Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək davam edir. 
Qardaş Türkiyəyə dəstək vermək üçün valideynləri ilə birlikdə yardım toplanılan məntəqəyə gələn azyaşlılar da gözümüzdən yayınmırlar. Onlar balaca boylarına, az yaşlarına baxmayaraq, digərləri kimi ağır yüklərə belə çiyin verərək köməklərini əsirgəmirlər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər (09 fevral saat 08.00 üçün olan məlumata əsasən).
İndiyədək içərisində soba, ədyal, tibbi ləvazimatlar və generatorlar olan 10 yardım təyyarəsi, onlarla yük maşını Türkiyəyə çatdırılıb.( Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun 11 fevral tarixinə olan məlumatı)
Zəlzələdən zərərçəkmiş ərazilərdə hava şəraitinin sərt olduğu nəzərə alınaraq Azərbaycandan Türkiyəyə 1400-dən çox çadır gətirilib. Ölkəmizdən 740 nəfər axtarış-xilasetmə mütəxəssisi 8 öyrədilmiş itlə Kahramanmaraşın mərkəzi və rayonlarında axtarış-xilasetmə işləri aparıb. Bu qruplar tərəfindən 45 nəfər dağıntılar altından xilas edilib, yaralılara və xəstələrə səhra xəstəxanasında xidmət göstərilib. 

Azərbaycan-Türkiyə qardaşlığı böyük gücdür. Güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan zamanı gəldiyində bərpa işlərinə də qoşulmağa hazırdır. Vaxt gələcək bütün sarsıntılar, ağrılar arxada qalacaq. Biz bir millət, iki dövlət olaraq yola davam edəcəyik.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф