booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Dəm qazı təhlükəsi...

Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir


Keçən il fevralın 5-də baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib, yeni yaşayış evləri tikilərək sakinlərin ixtiyarına verilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Şamaxı rayonunun Quşçu kənd sakini, şəhid atası Əzməmməd Əzməmmədovun yaşadığı ev rayonda baş verən zəlzələ nəticəsində ziyan görüb. Dövlət başçısının ötən dövrdə imzaladığı sərəncamlara uyğun olaraq, digər Şamaxı sakinləri kimi Əzməmməd kişinin də evi təmir edilib.
Şəhid atası deyir ki, zəlzələdən sonra komissiya gələrək onun evinə baxış keçirmişdi. Sonra isə evin təmirinə başlanıldı və qısa müddətdə başa çatdırıldı. O, göstərilən bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Yeraltı təkanlar nəticəsində evi zərər görənlərdən biri də Şamaxı şəhər sakini Məlahət İsmayılovadır: “Zəlzələ nəticəsində bizim evə də zərər dəymişdi. Dam örtükləri yararsız hala düşmüşdü, divarda çatlar əmələ gəlmişdi. Bu səbəbdən evlərimizə baxış keçirildi və qısa müddətdə yüksək səviyyədə təmir olundu. Görülən bu işlərə görə öz adımdan, şamaxılılar adından Prezidentimiz İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildirirəm”.
Rayonda hazırda zəlzələ nəticəsində zərər çəkən evlərin təmiri davam edir. Bu məqsədlə Prezident cənab İlham Əliyev avqustun 20-də “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Prezidentin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb.
2019-cu ilin fevral ayının 5-də Şamaxı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin rayona ezam olunmuş komissiyası tərəfindən 6251 evə, 89 sosial obyektə baxış keçirilib. Rayonda zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə 431 vətəndaş üçün 233 fərdi yaşayış evi, 3 yaşayış binası (174 mənzil) tikilərək istifadəyə verilib. Hazırda 24 evin tikintisi davam etdirilir.
Bərpaya ehtiyacı olan 1467 evdən 1294-də işlər başa çatdırılıb, 143 evdə işlər davam etdirilir. 30 evdə isə müxtəlif səbəblərdən bərpa işlərinə başlanılmayıb. Təmirə ehtiyacı olduğu müəyyən edilmiş 2454 evdən 1125-də təmir işləri aparılıb, 105 evdə hazırda işlər davam etdirilir. 1224 evin təmirinə isə yaxın vaxtlarda başlanacaq.
Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş sosial obyektlərdən 95 yerlik şəhər 2 saylı körpələr evi-uşaq bağçası, 360 yerlik Məlikçobanlı kənd tam orta məktəbi, 35 yerlik Quşçu kənd körpələr evi-uşaq bağçası və Quşçu kənd tibb məntəqəsi Heydər Əliyev Fondu tərəfindən tikilib. Həmçinin 80 yerlik Çarhan kənd ümumi məktəbinin və 320 yerlik Çarhan kənd tam orta məktəbinin yerinə 408 yerlik Çarhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən şəhər 2 saylı tam orta məktəbin 1-ci korpusunda tamamlanma işləri, digər korpusunda isə əsaslı təmir işləri aparılır.
Bütün bunlardan əlavə, Heydər Əliyev Fondu tərəfindən də yaşayış evləri inşa olunub və təmir-bərpa işləri aparılıb. Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф