booked.net

Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib


Davos Dünya İqtisadi Forumunun dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rolu və  siyasi proseslərə yeni istiqamətlər müəyyənləşdirməsini nəzərə alsaq, dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə bu tədbirə dəvət olunması Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bildirib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır.
Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması, həm də  iki ölkə arasında faydalı əməkdaşlığın ifadəsi kimi dəbul edilir. 
Prezident İlham Əliyev müsahibəsində Çinlə Azərbaycanın beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığına diqqət çəkib: "Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq."
Azərbaycanla Çin arasında əməkdaşlıq əlaqələrinin perspektivinə gəlincə, ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.
Xarici və yerli investisiyaların lazımınca qorunması investorlar üçün ölkəmizi daha cəlbedici və etibarlı edir. Azərbaycana qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib. Dövlətimizin başçısnın qənaətincə, indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar ölkəmiz üçün prioritetlərdən biridir.
Azərbaycan hazırda Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindədir. Ümid edilir ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Ölkəmizin Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyi bizim üçün çoxlu imkanlar yaradır. 
Dövlətimizin başçısı geosiyasi hadisələrin belə bir vacib və həlledici dönəmində şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etməyin gərəkliyini də diqqətə çatdırıb. O, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs kimi dəyərləndirib: "Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik."
Azərbaycanın dəmir yolu infrastrukturuna investisiya yatırımı təkcə ölkəmiz üçün yox, region üçün də faydalı olub. İndi bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırılır. Ölkəmiz bütün digər layihələri-  avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirir.  Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz 
Uğurla inkişaf edən qlobal layihə-  Şimal-Qərb marşrutunun  bu marşrut üzərində yerləşən bütün ölkələr bunun faydasını görürlər.
Dövlətimizin başçısı deyib ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. 
Prezidentimiz müsahibəsində tarif siyasətinə də toxunub, bunu  mühüm məsələ kimi qeyd edib bə bildirib ki, burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar.
Ölkə başçısı Azərbaycanın Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə edib. Bunu Azərbaycanda böyük potensialı və Çində böyük texnoloji nailiyyətlərin mövcudluğu ilə əsaslandırıb. Beləliklə, hər iki ölkənin səylərinin birləşdirilməsinin tərəflər üçün faydalı olduğuna əminliyini ifadə edib: "Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq."
"Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib"- deyən dövlətimizin başçısının qənaətincə, dövlət siyasəti nəticəyönlü olmalıdır: "Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər."
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalının tamaşaçılarının diqqətinə çatdırıb ki, o, hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır: "Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar?" deyən ökə başçısı bunun yollarının xalqla dürüst davranışdan keçdiyini bildirib. "...onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb."
Prezident İlham Əliyev deyib ki, enerji siyasətində hər zaman Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını- Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.
Ölkəmizin başçısı müsahibəsi zamanı Avropada qaz çatışmazlığı olduğu bir vaxtda Azərbaycanın Avropaya kəmərini  enerji təhlükəsizliyinə töhfənin elementlərindən biri kimi dəyərləndirib.  Ötən il Azərbaycan Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzalayıb. 5 il ərzində bu hədəfə nail olmaq asan olmasa belə, mümkünsüz də deyil. Ölkəmiz təbii qazın çox böyük təchizatçısı olmasa da, Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik.
Dövlətimzin başçısı onu da qeyd edib ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşılarındakının, opponentlərinin olduğundan aşağı qiymətləndirilməsi etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. 
"Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz" deyən ölkə başçısı bunu səmərəli əməkdaşlığın təməl prinsipi hesab edib, nümunə olaraq ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səylərinin yüksək qiymətləndirilməsini misal çəkib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb.
İndiki geosiyasi reallıqlardan görünür ki, böyük güclərin maraqları arasındakı uçurumun miqyasının kiçiləcəyinə əminlik azdır. Prezident İlham Əliyev hesab edir ki, faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.
Ölkə başçısı 1990-cı illərin əvvəllərindəki dönəmi- ölkəmizin köməyə ehtiyacı olduğu illəri yada salıb: "O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar."
Prezident İlham Əliyevin qənaəti budur ki, qlobal liderlik rəqabət mühitində sübut olunur. Silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir- yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər."
Dövlətimizin başçısı dəstək və əməkdaşlıqla bağlı Çin və Azərbaycanla paralelllər aparıb və bildirib ki, Çin bunu qlobal miqyasda, Azərbaycan isə daha çox regional miqyasda edir. Ancaq bunun fəlsəfəsi eynidir və uğurludur. 
Prezident İlham Əliyev Çin iqtisadiyyatının  qlobal iqtisadiyyata təsirinin yüksək olduğunu qeyd edib və vurğulayıb ki, bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır- artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və Çin hökumətiniz bu qlobal məsuliyyəti dərk edir. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф