booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a müsahibə verib


İndiki qloballaşma dövründə enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusu olaraq qalır. Enerji təhlükəsizliyinin milli təhlükəsizlik sisteminin əsas tərkib hissəsi kimi də bu mövzu başlıca müzakirə predmetlərindəndir. Xüsusən, Avropa dövlətlərinin öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyulduğu diqqət çəkir.

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi “Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, , “Qobu” Enerji Qovşağı Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər istiqamətlərdə də geniş imkanlara malikdir.

AZƏRTAC-a müsahibəsində dövlət başçısı qeyd etdi ki, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

"Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var",- deyən Prezident İlham Əliyev fikrini belə tamamladı: "Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik."
Əlbəttə ki, Azərbaycanda demoqrafik mənzərənin çox müsbət olması da ölkədə gedən müsbət meyllərin, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.

Ölkə başçısı müsahibəsində ölkə iqtisadiyyatının inkişafını, sənaye potensialının artmasını konkret faktlarla ifadə etdi: "Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir."

Dörd qonşu ölkəyə elektrik enerjisinin ixracatının artması da bizim enerji gücümüzə xaricdə tələbatın artmasının real göstəricisidir. Bu gün Azərbaycan, hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac etməklə də Azərbaycan dünyanın nadir ölkələrindəndir.

Dövlət başçısı müsahibəsində xatırladıb ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü.

Prezident İlham Əliyev daha sonra bugünkü günün mənzərəsinə diqqət çəkib: "Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır."

"...Biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq",- deyən ölkə başçısı bunun izahını da verib: "İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar."

Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.- bütün bunlar onu göstərir ki, Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Bunun yalnız bir səbəbi var: Ölkəmiz etibarlı tərəfdaşdır və xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar.

"Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır",- deyən dövlət başçısı vurğuladı ki, Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq.

Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlar sırasındadır. Bu dəhliz dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı ilə bərabər həm də enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф