booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Bölgələrdə tərəqqi ön mövqedədir...

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxış edib


Azərbaycanda idman dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, hətta təmsil olunduqları federasiyalara maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması dövlətimizin başçısının idmana və idmançılara olan bu yüksək diqqətin əyani nümunəsidir. 

9 yanvar tarixində Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir və bu sahəyə göstərilən diqqətin, qayğının bariz göstəricisidir. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, keçən il Azərbaycan idmanı üçün uğurlu, nailiyyətlərlə bol il olub. Ötən ildə idman sahəsində böyük müvəffəqiyyətlərə imza atılıb. Azərbaycan dünyada haqlı olaraq idman ölkəsi kimi tanınır və qəbul edilir.
Dövlətimizin başçısı çıxışında bu uğurların bütövlükdə son illərdə aparılan siyasətin nəticəsi olduğunu qeyd edib və bildirib ki, idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Prezident İlham Əliyev ötən ilin idman uğurlarından danışarkən idmançılarımızın   Dünya, Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil etdiyini xüsus vurğulayıb: "Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir."
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Ölkəmiz bir çox beynəlxalq idman yarışlarına da uğurla ev sahibliyi edir. Bu tədbirlər ölkəmizin və idman ictimaiyyətimizin tanınmasına xidmət etməklə yanaşı, Azərbaycana göstərilən etimadı daha da artırır. Bütün idman sahələrinin inkişafı və müxtəlif idman növlərində idmançıların yetişib, idman turnirlərində ölkəmizi təmsil etmələri üçün hər cür dövlət dəstəyi göstərilir.
Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Ölkə başçısı çıxışında son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışların keçirilməsini yüksək qiymətləndirib və bölgələrdə idmanın canlanmasını təqdir edib. Prezident İlham Əliyev bu siyasətin həm idman uğurlarımızı şərtləndirəcəyinə, eyni zamanda, gənclərin, yeniyetmələrin, uşaqların kiçik yaşlarından idmana cəlb edilməsinin onların tərbiyəsində çox böyük əhəmiyyəti olacağına əminlik ifadə edib: "Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur.  Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq."
İdmanı hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi kimi dəyərləndirən dövlət başçısı hesab edir ki, idman bizim üçün prioritetdir və biz düzgün yoldayıq. Çünki həm ölkəmizin şöhrəti, eyni zamanda, sağlam həyat tərzinin təbliğ edilməsi- bu amillər hər bir ölkə üçün önəmli olmalıdır.
Azərbaycanda idmanın inkişafına olan qayğının bir nümunəsi də bədən tərbiyəsi və idmanla məşğul olmaq istəyən vətəndaşlar üçün yaradılan geniş imkanlardır. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksinin yaradılması və bu proses davam etdirilməsi, Bakı şəhərinin ən mötəbər idman yarışlarına ev sahibliyi etməsi, ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının keçirilməsi və s. Azərbaycanın həqiqətən idman ölkəsi olduğunu təsdiq edən mühüm faktlardır. 
Prezident İlham Əliyev Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsində olduğumuzu xatırladıb və buna yüksək əzmlə hazırlaşmağın vacibliyini vurğulayıb: "2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin."
Bölgələrdə təbliğatın daha geniş vüsət almasını vacib sayan ölkə başçısı son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün yaradılan şəraiti nümunə kimi qeyd edib və bildirib ki, bu təcrübə bütün bölgələrə şamil olunmalıdır: "Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin. Ona görə açıq havada, - nəzərə alsaq ki, Azərbaycanın əksər yerlərində hava şəraiti il boyunca müsbətdir, - bunun çox böyük təsiri olacaq, həm insanların sağlamlığı üçün, həm də bütövlükdə idmanın inkişafı üçün. Ona görə hesab edirəm ki, buna böyük ehtiyac vardır."
Prezident İlham Əliyevin ötən ilin idman yekunları haqda çıxışında işğaldan azad edilmiş ərazilərdə idmanın inkişafı ilə bağlı da diqqətçəkən məqamlar var. Ölkə başçısı bu ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışının keçirilməsinin çox böyük tarixi əhəmiyyəti olduğunu vurğulayıb: "Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir."
Dövlət başçısı bu istiqamətdə işlərin ardıcıl olaraq davam etdiriləcəyini deyib və bildirib ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.
Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlaşdırılıb.  Əlbəttə, dövlətimiz, ilk növbədə, əsas diqqəti keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılmasına, həmin ərazilərdə məktəblərin, xəstəxanaların, infrastrukturun yaradılmasına yönəldib. Ancaq idman obyektləri də, əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın özünü dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsini məmnunluqla qeyd edib: "Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq."
Ümummilli Liderimizin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançılarımızı  yeni uğurlara həvəsləndirir. İnanırıq ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də qələbələri davamlı olacaq.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф