booked.net

Azərbaycan regionu beynəlxalq əməkdaşlıq mərkəzinə çevirir


Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib 

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. 

Noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans da dünyanın tanınmış siyasi ekspert və analitiklərinin diqqət mərkəzindədir. 

Konfransda çıxış edən Respublika Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, mövzunun əhatəliliyi genişdir və bu da Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə tələb edir. 

Dövlətimizin başçısı onu da bildirdi ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. 

Prezident İlham Əliyev: "Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir."

Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir.

Açıq dənizə, okeanlara çıxışı olmayan Azərbaycan istər enerji layihələrinin, istərsə də nəqliyyat layihələrinin reallaşdırılması üçün çox gərgin işlər aparmaqda qərarlıdır. 

Ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi isə Azərbaycana əlavə üstünlük verir və bizə bağlı olan məsələlərində mühüm rol oynamağa imkan verir.

Azərbaycan üçün infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və ölkəmiz bu sektora uzun illər ərzində sərmayə yatırmışdı. Prezident İlham Əliyev: "İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək."

Azərbaycanın hər iki dəhlizin iştirakçısı olduğunu və bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturunun hazır olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran ölkə başçısı dedi ki, biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.

Dünyada yeni geosiyasi vəziyyət və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət olduğundan Azərbaycan nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Laçın hava limanı işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür.

Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir. Yüklərin daşınması daha asan olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq, bu hava limanının əhəmiyyəti bəlli olur. 

Dövlət başçısı çıxışında Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlərin, bərələr və yük gəmilərinin  lazım olduğuna da diqqət çəkib və bildirib ki, Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik.

Prezident İlham Əliyev çıxışından sonra konfrans iştirakçılarının suallarını cavablandırıb. 

Suallardan birini cavablandırarkən bildirib ki, Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq DənizTicarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.

Dövlətimizin başçısı iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamlandığını qeyd edərkən artıq bu gün həcmin iki dəfə- 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatın olmasının da bildirib. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.

Dövlətimizin başçısı: "Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq."

Keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışı oldu. İndi vaxt itirmədən 3 milyard kubmetr tutumu olan Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Zərurui həcmləri təchiz etmək üçün isə Azərbaycanın Türkiyə ilə tranzit razılaşması olmalıdır. Bu isə hələ ki, vaxt aparır.

Dövlətimizin başçısı konfrans iştirakçılarına xatırlatdı ki, bu ilin iyul ayında Azərbaycan Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzaladı və bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var.

Respublika Prezidenti Azərbaycan-Pakistan münasibətləri ilə bağlı suala cavab verərkən iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq müstəvisində inkişaf etdiyini fərəh hissi ilə bildirdi və xüsusi vurğuladı ki, istər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, dünya dəyişdiyi, beynəlxalq hüququn işləmədiyi və ya selektiv qaydada işlədiyi bir vaxtda güclüsünüzsə, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz.

Azərbaycanda bütün nəqliyyat layihələrinin mövcudluğu  yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə imkan verir. 

           İran və ya Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməsi ilə bağlı suala dövlətimizin başçısı belə cavab verib: "Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək." 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir.

İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarını isə  ölkəmizin milli maraqlarına əsaslandığını vurğulayan dövlətimizn başçısı dedi ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir. 

Rəqəmsal inkişaf və nəqliyyat ümumi inkişafın və təhlükəsizliyin ən mühüm elementləri olduğu üçün ölkə başçısı bildirib ki, Azərbaycan mövcud istiqamətdə qabaqcıl təcrübəyə və qabaqcıl texnologiyalara üstünlük verəcək. Bu sahədə qarşıda duran vəzifə isə kibertəhlükəsizliklə məşğul olmaqdır, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır.

 Prezident İlham Əliyev çıxışında azad edilmiş ərazilərdə şəhər və kəndlərin tikintisi ilə bağlı məsələyə də toxundu və bildirdi ki, bu tikintilər smart texnologiya platformasına əsaslanır. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.

Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ehtimalının da mövcud olduğunu qeyd edən ölkə baçşçısı işğal dövründə və işğaldan azad edilmə zamanı Ərəb Liqasının üzvü olan ölkələrin Azərbaycanı dəstəklədiyini və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul etdiyini minnətdarlıqla qeyd etdi. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır. 

Prezident İlham Əliyev: "BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji sərmayədardır və bildiyiniz kimi, “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz fəaliyyətini genişləndirmək planları var. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. "

Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Bölgənin hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır.

Dövlətimizin başçısı Azərbaycan və Türkiyə münasibətlərilə bağlı sualı cavablandırarkən ötən il Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsini xüsusi qeyd etdi və bu əməkdaşlığın bütün sahələrdə yalnız güclənəcəyinə və bu, regional sabitliyin mühüm meyarı olduğuna əminliyini ifadə etdi. 

Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər keçirilməsi isə sərhədimizdə təxribatları planlaşdıranlara, bizi qorxutmağa çalışanlara ciddi mesaj idi. 

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun olması gücümüzü daha da artırır, müttəfiqlik, əməkdaşlıq səviyyəsini   yüksəldir. Sonuncu Zirvə Toplantısıbunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır.

Azərbaycan ildən-ilə dostlarının, müttəfiqlərinin sayını artırır. Son vaxtlar ölkəmizin Afrika qitəsinin ölkələri ilə daha fəal işləməsi bu istəkdən irəli gəlir. 
Azərbaycanın xarici siyasətinin priioritetləri sırasında Avropa İttifaqı ilə əlaqələr də var. Avropa İttifaqı ölkəmizin mühüm tərəfdaşıdır. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Razılaşma demək olar ki, 90 faiz hazırdır. Şərq Tərəfdaşlığının bəzi digər ölkələrindən fərqli olaraq Azərbaycan assosiasiya razılaşmasını imzalamayıb.

Prezident İlham Əliyev: "Əgər Şərq Tərəfdaşlığının üzvü olan altı dövlətə indi nəzər salsanız, siz həmin ölkələr arasında əvvəlkindən də daha böyük fərqlər görəcəksiniz. Bu belə davam etməli deyil. “Avropa siyasi birliyi” platforması yenidir." 

Dövlətimizin başçısı çıxışında bəyan etdi ki, Minsk qrupunun fəaliyyətsizliyindən və faktiki olaraq dağılmasından sonra Azərbaycana və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyac var. Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. 

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Buqətiyyən mümkün deyil. Prezident İlham Əliyev onu da qeyd etdi ki, biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.

Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. 

Praqa görüşünün nəticəsi olaraq Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Avropa İttifaqı formatında Brüsseldəki qarşılıqlı əlaqələr sayəsində hər iki ölkə  iki yola ayrılmağa razılaşdı. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə Azərbaycanın Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqları - onların hüquqları və təhlükəsizliyi. 

İndiki proseslər isə onu göstərir ki, rəsmi İrəvan yenidən danışıqları sapotaj etməyə çalışır. Dekabrın 7-də Brüsseldə nəzərdə tutulmuş görüşə Paşinyan bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. 

Bu qərarında, əlbəttə, Azərbaycan tam haqlıdır. Praqa görüşü oktyabrın 6-da idi, cəmi bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir.Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. 

İstər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Bu isə, əlbəttə, Azərbaycan diplomatiyasının uğurudur. 

Prezident İlham Əliyev: "Azərbaycan və Türkiyə nəqliyyat layihələri də daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarı idilər. Ona görə də Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan bu 3+3 formatı təqdim olundu. Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik."

Respublika Prezidenti İlham Əliyev çxışında qeyd etdi ki, Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. 

Prezident İlham Əliyev kofransda çıxışında İranla Azərbaycan arasında baş verənlərə də toxundu və İran rəsmilərinin, o cümlədən çox yüksək vəzifəli şəxslərin Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt hesab etməsuinin anlaşılmaz olduğunu bildirdi. 

Dövlətimizin başçısı İranda yaşayan azərbaycanlıların bizim millətin bir parçası olduğunu, hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququnun olduğunu xüsusi qeyd etdi: "Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir."

Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək. 

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli hərəkətlərin, şəhərlərimizi məhv etdiklərinin səbəblərindən biri də erməni cəmiyyətinin diaspor və erməni millətçilərinin on illər ərzində davam edən təbliğatı nəticəsində zəhərlənməsidir. Onların beyni diaspor tərəfindən yuyulmuşdur. Rəsmi İrəvanın ideologiyası türkofobiya və azərbaycanofobiyadır. Onların bütün tarixi, bütün əsas tarixi məhsulları feykdir. Çünki onlar digər xalqların tarixini mənimsəyib onu öz tarixi kimi qələmə verirlər.

Dövlətimizin başçısı bildirdi ki, Ermənistan öz təhsil paradiqmasını tamamilə dəyişməlidir. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər. İki məsələ paralel inkişaf etməlidir- Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması.  

Ölkəmizin istəyi isə ədalətli sülhdür.  Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik.

Azərbaycan hər zaman bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib. Rusiya-Ukrayna müharibəsinə son qoyulması bir nömrəli məsələdir.  Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bu coğrafiyada müstəqil ölkə kimi üstünlüyü və nailiyyətlərindən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq. Dövlət başçısının fikrincə, din siyasi həyata müdaxilə etməməlidir. 

Azərbaycan müsəlmanların birlik nümunəsidir. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər.

Azərbaycan, bu torpaqda yaşayan, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vətənidir. İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri var idi. Bu, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən torpağı uğrunda şərəf mübarizəsi idi.

Prezident çıxışında Azərbaycanın Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında oynadığı rolu da qeyd etdi və bunu borcumuzun bir hissəsi hesab etdiyini vurğuladı. Bu, təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. İndi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük. 

Prezident İlham Əliyev  mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biri olan "Bakı Prosesi”ni ilə bağlı danışarkən BMT-nin bu platformanı qəti şəkildə dəstəklədiyini xüsusi qeyd etdi və bildirdi ki, ölkəmiz tarixdə ilk dəfə Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. 

İkinci Qarabağ müharibəsi dövründə ermənilərin dinc şəhərləri, o cümlədən Gəncəni atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulması və hərbi cinayətdir.

Ermənistandan fərqli olaraq, Gürcüstan bizimlə dost ölkə və strateji tərəfdaşımızdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Enerji və daşımalar layihələri sahəsində yeni imkanları nəzərə alaraq, birgə əməkdaşlığımızınçox yaxşı nəticələri var. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, layihələrin icrasında Ermənistansız da keçinmək mümkündür. 

Prezident Azərbaycan ilə İtaliya arasında yaxın tərəfdaşlığı yüksək qiymətləndirib. Bunun növbəti əlaməti olaraq İtaliyanın Avropa İttifaqının 9 üzvündən biri kimi Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalamasıdır. 

Dövlət başçısı Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat olduğunu da qeyd etdi və həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsini zəruri saydı. 

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan ondan çox Avropa ölkəsindən sifarişlər alıb. Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur.Eyni zamanda, ölkəmiz ixracın coğrafiyasını genişləndirməyiplanlaşdırır. Azərbaycan interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyir.

Dövlət başçısı Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələrə də diqqət çəkib. Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparılır. Azərbaycan, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırır. 

Avropa İttifaqı dünyanın ən böyük enerji istehlak edən regionlarından biri olmasına baxmayaraq, digər regionlarla müqayisədə enerji istehsalında olduqca kiçik paya sahibdir. Bu proses nəticə etibarı ilə regionun enerji asılılığının xarici təchizatçılar tərəfindən qarşılanmasına şərait yaratmışdır. Ümumi olaraq Avropada enerji ilə bağlı real təxminlərə nəzər yetirsək görərik ki, 2050-ci ilədək enerji istehsal və istehlakında kifayət qədər böyük həcmdə azalma olacağı proqnozlaşdırılır. Burada mühüm əhəmiyyət kəsb edən amil bərpa olunabilən enerji resurslarının orta və uzun dönəm ərzində ümumi istehlakda payının getdikcə artacağıdır. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф