booked.net

Prezident İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə töhfə verir”


Prezident İlham Əliyev cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı edib

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlərdir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib. 

Prezident İlham Əliyev cari ilin 1 noyabr tarixində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak edib. Belə bir nüfuzlu toplantıda təmsil olunmaq ölkəmiz üçün əlamətdar hadisədir.

Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarətdən, bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirməkdən məmnunluğunu bildirib və bunu böyük şərəf olduğunu qeyd edib. 

Dövlətimizin başçısı çıxışında Zirvə toplantısı iştirakçılarının diqqətini XX əsrin əvvəllərində Əlcəzair xalqının başına gətirilən dəhşətli faciələrlə bağlı tarixi faktlara yönəldib. Afrikanın Şimalında yerləşən, qədim sivilizasiyaya malik müsəlman məmləkəti olan Əlcəzairdə Fransanın törətdiyi dəhşətli qətliamlar bu gün də unudulmayıb. O zaman Fransa hökuməti Əlcəzairdə ekspansiya planlarını həyata keçirmək və orada möhkəmlənmək üçün yerli əhaliyə qarşı kütləvi qətllər törətmişdilər.   Bu qəddarlıq bəzi yerlərdə soyqırımı səviyyəsinə çatmışdır. Setif, Guelma və Keratta şəhərlərində baş verən faciələri qətliam adlandırmaq üçün yetərincə faktlar var.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu, dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Çünki Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb və bu da 1,5 milyon insanın ölümü ilə nəticələnib.

Azərbaycanın da Əlcəzair kimi zaman-zaman işğala, qətliamlara məruz qaldığını, işğaldan əziyyət çəkdiyini qeyd edən dövlətimizin başçısı daha sonra fikrini konkret faktlarla Zirvə toplantısı iştirakçılarının diqqətinə çatdırıb: "Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik."
Ölkə başçısı çıxışında Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri olduğuna da diqqət çəkib. Azərbaycanın 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olduğunu xatırladan Prezident İlham Əliyev bu əməkdaşlığı genişləndirmək istəyində olduğunu xüsusi vurğulayıb:"Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk."

Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın sədrliyinin yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmasını bir daha dövlətimizin uğurlu siyasətinə verilən qiymətin əlaməti kimi qiymətləndirib və bildirib ki, Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var: "Biz gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq. Bu fürsətdən istifadə edib Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin Sammitdə iştirak etməyə dəvət edirəm."

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Ölkəmiz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olmuşdur. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi- ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.

Prezident İlham Əliyev həmin dövrlə bağlı fikirlərini ifadə edərkən Azərbaycanın bu məsələdə peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltmasını yada saldı: "...Xatırlayırsınızsa, pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər. Amma resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Beləliklə, Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının da bizim mövqeyimizə dəstəyini gücləndirdi."

Bu, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycanın öz ərazilərini güc yolu ilə azad etməsi prosesində olduqca əhəmiyyətli rol oynadı: "İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır."

Dünyada münaqişələrə yanaşmada ikili standartlara yol verilmənin düzgün olmadığını Prezident İlham Əliyev yüksək kürsüdən bir daha səsləndirdi. Azərbaycanın haqlı tələbləri uzun illər "böyük güclər" tərəfindən qulaqardına vurulmuş, ölkəmizə münasibətdə beynəlxalq hüquq və normalar kobudcasına pozulmuşdur.

Prezident İlham Əliyev: "İki il əvvəl Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.

Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür."

Erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.

Prezident İlham Əliyev bildirib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın artıq “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb və həmin torpaqları öz resursları hesabına bərpa edir.  


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф