booked.net

13 sentyabr tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorika cəmiyyət tərəfindən qətiyyətlə rədd edilir


Rəsmi İrəvanın Azərbaycana qarşı revanşist siyasəti bu dəfə də öz layiqli cavabını aldı. Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatı növbəti dəfə beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.

Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

Sülhməramlı qüvvələrin neytrallıq prinsipinə və mandatına zidd olaraq, erməni təəssübkeşliyi qanunsuz erməni silahlı dəstələrinin sərhəddə təxribatlar törətməsinə gətirib çıxarır, Azərbaycan tərəfi şəhid verir, regional layihələrin icrası gecikir, sülh müqaviləsini isə sabotaj etməklə məşğul olunur. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.

Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır. 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi.

Azərbaycan dövləti işğal dövründə ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyini bəyan edirdi. Təbii ki, bu əminlik  Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan bu illər ərzində hər sahədə gücləndi. 

Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.

Dövlətimizin başçısının dəfələrlə bəyan edib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər. Bununla belə 13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”. Mövcud istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatların səbəbi ola bilər.

Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənir və inkişaf edir. 

13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.

Bu genişmiqyaslı erməni təxribatı ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiya olduğunu da bir daha bəlli etdi. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin15-16 sentyabr tarixində Özbəkistanın Səmərkənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb.

Bu hadisələrdən sonra olduqca çətin vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan etdi. Bu da gözlənilən idi. Çünki dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdı.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф