booked.net

Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkəmizin son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən işgüzar səfəri yüksək səviyyədə keçdi.

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında siyasi dialoqun olduqca fəal olmasından və ikitərəfli gündəliyə yeni, vacib mövzuların daxil olmasından məmnunluğunu ifadə edib.  2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmasından sonra Azərbaycan və İtaliya arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı müzakirələr genişlənir və davamlı hal alır. 

Dövlətimizin başçısı çıxışında ikitərəfli gündəliyə daxil olan vacib mövzulardan danışarkən deyib: "Onlardan biri təhsildir. Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə danışdıq. Dünən Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu, o deməkdir ki, bizim gündəliyimiz çox genişdir." 

Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayıb ki, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonraAzərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik: "Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq." 

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdı. Azərbaycan, həmçinin böyük qaz təchizatı boru kəmərinə malikdir: "Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur."

Azərbaycanın təbii qaz ehtiyatlarına tələbatın durmadan artmasının qarşılığında bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ölkəmizin ümumi ixracımı 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Son vaxtlar dövlətimizin başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından danışarkən Prezident İlham Əliyev deyib ki, bu,  bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. 

Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən birinə çevrildiyi bir vaxtda İonik-Adriatik boru kəməri layihəsi Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Bizdən bu vaxta qədər onsuz da qaz alan Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan bu ölkələr sırasındadır. 

Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilməsi yalnız təbii qazı deyil, həmçinin enerji bazarının digər seqmentlərini, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogeni də əhatə edir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı da yüksəkdir. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.

Prezident İlham Əliyev: "2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək." 

Prezident İlham Əliyevin çıxışı zamanı ona ünvanlanan "Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir?" sualına verdiyi olduqca sərrast və müdrik cavab həmin vaxt bir çox dünya mətbuatında başlıqlara çıxarıldı: "Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik." 

Dövlət başçısı sözlərinə əlavə edib ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. 

Prezident İlham Əliyev dünya düzəninin dəyişməsini özü ilə bərabərində aparan dəyişiklikləri dəyərləndirərkən deyib ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır.

Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq üçün birliyimizin olmasını mühüm faktor hesab edən dövlətimizin başçısı bildirib ki, buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir.

Prezident İlham Əliyev çıxışında beynəlxalq hüquq normalarının tamamilə pozulduğunun ən bariz nümunəsi kimi bu normaların Azərbaycanın haqlı mövqeyinə qarşı da edildiyini xatırladıb:"Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi." 

Dövlətimizin başçısı çıxışında dünyanın yeni düzəninin gələcəkdə necə olacağına dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyət daşıdığını bildirib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф