booked.net

Prezident cənab İlham Əliyev yenə beynəlxalq arenada Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorudu və dünya ictimaiyyətinin düzgün informasiyalar almasını təmin etdi


Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib

Dövlətimizin başçısı müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səylərini yüksək qiymətləndirib. Daha sonra Azərbaycanın regionda oynadığı mühüm rolu konkret faktları müxbirin diqqətinə çatdırıb.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var: "Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin."-deyən Azərbaycan Prezidenti İlham Əliyev fikrini belə davam etdirib: "Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, bu, çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni, geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var - tamamilə dağıdılmış ərazilərdir."

Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində İtaliyanın əsas ticari tərəfdaşımız olduğunu da qeyd edib. Bildirib ki, Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya.

Dövlətimizin başçısı müsahibəsində Minsk qrupunun 28 illik fəaliyyətinə də toxunub: "Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi”."

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində ölkəmizdə insan hüquq və azadlıqları məsələsinə də aydınlıq gətirib və bu məsələdə ikili standartlara narazılığını ifadə edib: "Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ ikili standartlar..."

Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüyünü, bir saat ərzində geniş sahələri əhatə edən məsələləri müzakirə etdiklərini də qeyd edən Prezident İlham Əliyev əsas diqqətin münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldiyini bildirib: "Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk."

Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində Brüsseldə günün sonunda keçirilən və dörd saatdan artıq çəkən üçtərəfli görüşün səmərəli olduğunu qeyd edib: "Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi."

Müxbirin dövlətimizin başçısına ünvanladığı suallardan biri iqtisadi şaxələndirmə prosesilə bağlı olub və bunun necə sürətləndirilməsilə maraqlanıb. Cənab Prezident cavabında bildirib ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Lakin bizim ixracımıza gəldikdə, əlbəttə ki, ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir.

Müsahibənin sonunda ölkə rəhbəri İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistanla da münasibətlər normallaşacaq. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф