booked.net

Prezident İlham Əliyevin iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti keçirildi


Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi.

Brüsselə səfər çərçivəsində Prezident İlham Əliyevin NATO-nun Baş Katibi Yens Stoltenberqlə görüşündə NATO ilə etibarlı tərəfdaşlıq əlaqələri, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətləri, NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə birgə hərbi təlimləri, habelə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolu bir daha mətbuat konfransı vasitəsilə vurğulandı.

Prezident İlham Əliyevin Belçikaya budəfəki səfərində də keçirdiyi görüşlərdə tərəflər arasındakı münasibətlərin daha da gücləndirilməsi məsələləri müzakirə mövzusu oldu. NATO-nun Baş katibinin dəvəti əsasında İlham Əliyevlə alyansın Baş katibi Yens Stoltenberq arasında keçirilən görüşdə Baş katib Azərbaycanın alyansın dəyərli tərəfdaşı olduğunu deyərək Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Alyansın mənzil-qərargahına 7-ci dəfə səfər etdiyini söyləyən Prezident İlham Əliyev isə Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bildirdi və dedi ki, hərbçilərimiz 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Azərbaycan hərbiçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: “Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir”.
Bildirilib ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır.

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu isə reallıqlar bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsini nəzərdə tutur. Bu baxımdan, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi böyük önəm kəsb edir. Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir. Bu dəhlizlə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Azərbaycanın Prezidenti İlham Əliyev, Rusiya Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün, bir növ, öhdəlikdir.

Regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandırır. Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməsi deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir.

Avropa İttifaqının postmünaqişə dövrü ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir. Çünki Avropa İttifaqı sərhədlərin müəyyənləşdirilməsi, regional iqtisadi əlaqələrin yaradılması və s. təkliflərlə çıxış edir. Erməni tərəfi tez-tez ATƏT-in Minsk qrupunu prosesə cəlb etmək üçün fikirlər səsləndirir. Amma faktdır ki, Minsk qrupunun həmsədrləri 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyib. Əgər prosesdə iştirak etmək istəyirsə, ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təklifləri hazırlamalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu təşəbbüslər göstərə bilər. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Mülki vətəndaşlarımız minalardan əziyyət çəkir. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir. Bu istiqamətdə bəzi dövlətlər və təşkilatlar öz dəstəyini verir. Amma hesab edirəm ki, bu ərazilərdə bərpa və quruculuq işlərini daha sürətli aparmaq üçün verilən dəstək daha böyük olmalıdır.

Böyük əmək sərf olunan bu görüşlərin yekun bəyanatında bir sıra mühüm məsələlərə toxunulub. Onlardan biri də bəyanatın heç bir müddəasında ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi, eyni zamanda, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslərlə bağlı mövzunun salınması və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyinin qeyd olunmasıdır. Çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.

Üçtərəfli görüşdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bir daha gündəliyə gətirilmişdir. Aİ tərəfindən bu istiqamətdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində də iştirak edib.

Prezident İlham Əliyev Sammitdə çıxşı zamanı uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

Dövlətimizin başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq deyib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф